Ekspert: “Bankların vətəndaşa “sən jurnalistsən, sənə kredit vermirik”, söyləməyə hüquqi ixtiyarı yoxdur”
“Bankın vətəndaşa harda işləməsi, hansı peşəyə sahib olmalasına görə “hə”, “yox” cavabı verməsi, üstəlik də, jurnalistə qarşı belə münasibət ümumiyyətlə anlaşılan deyil”
Həmkarımız İntiqam Valehoğlu banklardan kredit ala bilməməsindən narazıdır. Jurnalist bununla bağlı sosial şəbəkədəki profilində status paylaşıb. İ.Valehoğlu yazır:
-3 gündür 10 bankı yığmışam, hamısının verdiyi 1 cavab var - jurnalistlərə kredit vermirik. Başa düşmədim, biz özümüzü nə vaxt bu günə qoyduq? Bu nə düşüncədir? Bu nə tərbiyəsizlikdir? Jurnalistə kredit vermirik nə deməkdir? Nə vaxtsa kimsə bu addan istifadə edib, sonra bankları incidibsə, o da bankın problemidir. Öncə araşdır, sonra kredit ver. İndi nə edək, peşəmizi gizlədək?!
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bankların vətəndaşa belə cavab vermək hüququnun olmadığını dedi:
-Bankların vətəndaşa “sən jurnalistsən, sənə kredit vermirik”, söyləməyə hüquqi ixtiyarı yoxdur. Bank kredit almaq üçün müraciət edən vətəndaşdan yalnız gəlirləri haqqında məlumat – arayış tələb edə bilər. Məlumatlar araşdırıldıqdan sonra kreditin verilib-verilməməsi ilə bağlı qərar qəbul edilir. Kredit verilməsi üçün dayanıqlı gəlirlərin olması vacibdir. Amma burda da vahid məbləğ yoxdur ki, minimum gəlir nə qədər olmalıdır. Kommersiya banklarının hər birinin öz yanaşma tərzi, iş prinsipi var. Elə banklar var, hətta təqaüd kartı ilə kredit verir. Bankın vətəndaşa harda işləməsi, hansı peşəyə sahib olmalasına görə “hə”, “yox” cavabı verməsi, üstəlik də, jurnalistə qarşı belə münasibət ümumiyyətlə anlaşılan deyil. Jurnalistlər cəmiyyətdə nüfuzlu bir təbəqədir. Əgər həqiqətən jurnalistə qarşı belə münasibət bəslənibsə, bu, çox acınacaqlıdır. Jurnalistə belə hörmətsizlik olmamalıdır. Bu məsələdə ancaq ictimai qınaq köməyə gələ bilər. Vətəndaşa peşəsinə görə fərq qoyan banklar ictimaiyyət tərəfindən qınanmalıdır.