Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi "Sumqayıt" Elektrik Stansiyasının işini dayandırmaq təhlükəsi ilə üzləşdirib.
Trend bildirir ki, buna səbəb 2004-cü ildə "Sumqayıt" Elektrik Stansiyası layihələndirilərkən dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması və nəticədə suyun səviyyəsinin 1 metr 30 santımetr düşməsidir. Bu barədə jurnalistlərə açıqlamasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Teymur Abdullayev bildirib. Onun sözlərinə görə, artıq neçə müddətdir, elektrik stansiyası üçün suyun səviyyəsi kritik həddə çatıb:
"Daha 10 santmetr Xəzərin su səviyyəsi düşsəydi soyutma suyu götürülə bilməyəcəkdi və nəticədə Sumqayıt Elektrik Stansiyasının fəaliyyəti dayanacaqdı. Məhz buna görə də, "Azərenerji" ASC həmin yaranmış problemi vaxtında aradan qaldırmaq məqsədi ilə ötən ilin payızından başlayaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirələr aparıb. Yekunda sahildən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakada qurulmasına qərar verilib".
T. Abdullayev qeyd edib ki, MDB məkanında ilk dəfə soyutma suyunun kaskad vasitəsi ilə sakitləşdirici kanala və oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq:
"Artıq neçə müddətdir işlərə başlanılıb və növbəli iş prinsipi əsasında fasiləsiz olaraq davam etdirilir. İşlər qrafik əsasında bir neçə ay müddətində başa çatdırılacaq və stansiyaya Xəzər dənizinin dərinliyindən su veriləcək. Qeyd edim ki, ötən ilin payızından başlayaraq bu günə qədər "Sumqayıt" Elektrik Stansiyasında xarici və yerli mütəxəssislərin iştirakı ilə təmir-bərpa işləri aparılıb və stansiyanın etibarlığı artırılıb".