Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) yarandığı vaxtdan bu il noyabrın 30-dək ümumilikdə təqribən 158,4 mlrd. dollar həcmində vəsait daxil olub. Bu barədə məlumat Fondun yaydığı açıqlamada yer alıb.
Məlumata görə, bu vəsaitin 151,5 mlrd. dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 mlrd. dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.
Qeyd edilib ki, fəaliyyətə başlayarkən 271 mln. dollar həcmində aktivləri olan Fondun vəsaitləri bu il ilk dəfə olaraq 40 mlrd. dolları keçib.
Qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin inşası, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, STAR neft emalı kompleksinin inşası, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin tikintisi layihələri, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” layihələrinin icrasına Fond tərəfindən 9,4 mlrd. dollar həcmində vəsait sərf edilib.
Açıqlamada o da vurğulanır ki, hazırda Azərbaycan Dövlət Neft Fondu təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır.
Hazırda Fondun şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər dünyanın 50-dən çox ölkəsində ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır.
ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirib.