İran İslam Respublikası və Azərbaycan magistral avtomobil və dəmir yollarını birləşdirəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün Astara şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında İranın Yol və Şəhərsalma naziri Məhəmməd İslami deyib.
Onun sözlərinə görə, artıq iki ölkə magistral yollarının bir birinə birləşdirmək üçün razılıq əldə edib.
Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolunun təkmilləşdirilməsi İran Prezidenti Həsən Ruhaninin icra etdiyi önəmli layihələrdən biridir: "Yerli əhalinin kənd təsərrüfatı ərazisini layihənin icrası üçün satması tez bir zamanda layihənin icrasına töhfəsini verəcək".
Astara-Astara terminalında yükboşaltma dayanacaqları layihəsinin bir neçə ay dayandığını deyən M. İslami bildirib ki, bu terminalda işlər bir neçə ay texniki səbəblərdən və müqavilə ilə əlaqədar dayandırılmışdı. Hazırda isə podratçı şirkətlə aparılmış danışıqlar nəticəsində işlər yenidən başlayıb.
Azərbaycan və İran arasında nəqliyyat sahəsində əməkdaşlığı yüksək qiymətləndirən M. İslami bildirib ki, tranzit və ticarətin artması iki ölkənin əlaqələrinə müsbət təsir göstərir ki, biz bu təsiri Astara limanında çox yaxşı şəkildə müşahidə edirik.
Nazir onu da qeyd edib ki, Azərbaycanla Bakı-Astara-Rəşt magistral yolunun tikintisi və iki ölkənin magistralının birləşdirilməsi ilə bağlı razılıq əldə olunub: "Bu məqsədə çatmaq üçün Astaraçayın üzərində yeni körpü tikiləcək. Yeni körpünün tikintisinin təməlqoyma mərasimi tezliklə baş tutacaq".
O həmçinin qeyd edib ki, Rəşt magistral yolu Astara və daha sonra Ərdəbilə birləşdiriləcək.