Uğurlu siyasət: İndi Azərbaycan borc alan deyil, borc verən ölkədir

“Ümumi anlamda ötən 2019-cu il ölkəmiz üçün uğurlu il olub”.  Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.  Deputat bildirib ki, dünyada cərəyan edən gərgin proseslər fonunda Azərbaycan sabitlik, əmin-amanlıq şəraitində yaşayıb: 

“Həyata keçirilən siyasi, iqtisadi, sosial, kadr, struktur islahatları Azərbaycanın gücünü artırıb. Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı ölkəmizə səfər edib, ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Bütün aparıcı beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin prinsipial mövqeyini dəstəkləyib. Prezident İlham Əliyevin rəhbərliyi altında ötən il ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticəsi cari ilin də böyük nailiyyətlərlə yadda qalacağına əsas verir. İqtisadiyyat artıb, qeyri-neft sektorunda 3,5 faiz artım müşahidə edilib. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edib. Bu göstərici dünya miqyasında 9-cudur və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək. Azərbaycanın valyuta ehtiyatları ötən il 4,5 milyard dollar artaraq rekord həddə - 50 milyard dollara çatıb. Bu rəqəm xarici dövlət borcundan 5 dəfədən çox artıqdır. Ötən il sənaye istehsalı artıb. Xüsusən də qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil edib. Kənd təsərrüfatında isə artım 7 faiz təşkil edib. Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkədir. İndi Azərbaycan borc alan deyil, borc verən ölkəyə çevrilib. Bütün bunlar düşünülmüş, praqmatik siyasətin nəticəsində mümkün olub”.



Azər Badamov: “İslahatların davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, şəffaflığın daha da artırılması, korrupsiya hallarının aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verəcək”


A.Badamovun sözlərinə görə, əldə edilən uğurlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və geniş vüsət alan islahatların davam etdirilməsi 2020-ci ildə də Azərbaycana yeni nailiyyətlər qazandıracaq: 

“Ötən ilin yekunu uğurludur, cari ilin başlanğıcı da uğurla müşayiət olunur. İslahatların davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, şəffaflığın daha da artırılması, korrupsiya hallarının aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verəcək. Cari ilin sonunda da biz əldə etdiyimiz uğurlardan fəxrlə danışa biləcəyik”.