“Azərbaycan dövləti ilk növbədə əhalinin qida təhlükəsizliyini təmin etməlidir” Bunu Sherg.az-a açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib. Ekspert bildirib ki, qida təhlükəsizliyi çox aktual məsələdir:
“Azərbaycan Respublikası yaranandan sərhəd xidmətində idxala nəzarət mexanizmi həyata keçirilir. Ancaq məsələ ondadır ki, nəzarət sistemi bundan sonra daha müasir avadanlıqlarla təchiz olunacaq. Bu addımın atılması gömrük-keçid məntəqələrində idxala nəzarəti gücləndirmək və asanlaşdırmaq məqsədinə xidmət edir. Məlumdur ki, ölkəyə daxil olan qida məhsullarının hamısının üzərində istifadəyə yararlı olmasını bildirən sertifikatlar olur. Lakin ümumən idxal prosesində müəyyən xətalar baş verə bilər. Məsələn, malın üzərindəki sənədlə məhsulun keyfiyyəti arasında fərq ortaya çıxar. Keyfiyyətsiz malı Azərbaycana keçirtmək üçün saxta sertifikat hazırlaya bilərlər. Belə hallar dərhal aşkarlanır və müvafiq qurumun əməkdaşları yerindəcə müdaxilə edilir. İndiyə qədər bununla bağlı hansısa özbaşınalıq, qanunsuzluq qeydə alınmayıb. Lakin görünür, son zamanlar daha çox keyfiyyətsiz məhsulların idxalına cəhdlər olur. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə diqqəti artırmaq qərarına gəlib”.
Fuad İbrahimov: “Onlarla gizli sexlərin, qida üçün tamamilə yararsız olan məhsulların aşkarlanmasında, insanların həyatı ilə oynayan dələduzların, işbazların məsuliyyətə cəlb olunmasında QTA-nın xidməti böyükdür”
F.İbrahimov vurğulayıb ki, ümumən, bu sistemdə boşluqlar yoxdur:
“Söhbət iş rejiminin bir qədər də gücləndirilməsindən gedir. Qida Təhlükəsizliyi Agentliyinin işini qənaətbəxş hesab etmək olar. Son zamanlar bu istiqamətdə kifayət qədər önəmli addımlar atılıb, nəzarət gücləndirilib. Onlarla gizli sexlərin, qida üçün tamamilə yararsız olan məhsulların aşkarlanmasında, insanların həyatı ilə oynayan dələduzların, işbazların məsuliyyətə cəlb olunmasında QTA-nın xidməti böyükdür. Vicdanlı sahibkarlar da bu işə dəstək olmalı, bacardıqları qədər quruma yardım etməlidirlər ki, bazarlarda təhlükəli qidalar peyda olmasın”.
Qeyd edək ki, heyvan xəstəlikləri və bitki zərərvericilərinin qarşısını almaq məqsədilə sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib. Onun sözlərinə görə, 2020-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2 məntəqənin tikintisinə başlanacaq.