“Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində dünyanın nüfuzlu şirkətləri ilə görüşlər keçirməsi çox önəmlidir”. Bunu Sherg.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.
Ekspert bildirib ki, dövlət başçısı Azərbaycandakı iqtisadi vəziyyəti mükəmməl şəkildə bilir və iqtisadi islahatlara birbaşa özü nəzarət edir:
“Son 1 il ərzində Azərbaycanda çox mühüm islahatlar həyata keçirildi. Müxtəlif sahələrdə, ən problemli sektorlarda ciddi dəyişikliklər oldu. Kadr siyasəti ilə bağlı əhəmiyyətli addımlar atıldı. Azərbaycanın biznes mühitində canlanma var. Uzun zaman Azərbaycan dünya iqtisadiyyatında daha çox neft gəlirləri ilə tanınan bir dövlət idi. Lakin aparılan uğurlu iqtisadi islahatlar sayəsində qeyri-neft sektorunun əsaslı inkişafına nail olduq.
Qeyri-neft sektorunun inkişafı bu sahəyə investisiya yatırımı məsələsini də aktual etdi. Dünya İqtisadi Forumunda iştirak edən nüfuzlu şirkətlərin ölkəmizin iqtisadi inkişafını və ticari potensialını məhz ən yüksək səviyyədə - dövlət başçısının dilindən eşitmələri olduqca zəruridir. Çünki ölkə rəhbəri dünya ictimaiyyəti qarşısında qısa zamanda görülmüş və artıq müsbət nəticələr vermiş konkret işlərdən danışır. O baxımdan Davos İqtisadi Forumu ilə əməkdaşlığımız çox vacibdir. Şübhəsiz ki, bu təmasların və görüşlərin müsbət nəticələri olacaq”.