Neftə tələbat azalacaq, qiymət ucuzlaşacaq - ŞƏRH

Buna inanmayanlar hələ də bu cür bəyanatların siyasi olduğunu iddia edirlər



Neftə qlobal tələbat mütəmadi olaraq azalır. Onun yerini qaz və digər enerji mənbələri tutur. Bunu BP-nin rəhbəri Robert Dadli deyib. Onun sözlərinə görə, ABŞ-da hasilatın artması fonunda neft qiymətlərinin 100 dollara qədər yüksəldiyi dövrün yenidən təkrarlanması mümkün deyil: “Neft və kömürün istifadəsi zamanla azalır. Sözsüz ki, neft uzun onillər ərzində neft-kimyada istifadə ediləcək. Elektrik enerjisi istehsalında davamlı olaraq neftin qaz və digər enerji mənbələri ilə əvəzlənməsi gözlənilir. Neftə qlobal tələbatın ixtisarı bu yüzillikdə baş verəcək”.

Dadli ABŞ-ın neft bazarına daxil olması ucbatından neft qiymətlərinin yüksək volatilliyi ehtimalının çox aşağı olduğunu bildirib. Bu arada dünya bazarında neft qiymətlərində yenidən kəskin ucuzlaşma da qeydə alınıb. “Brent” markalı xam neftin bir bareli 1,24 dollar ucuzlaşaraq 59,45 dollara düşüb. 

Neftin ucuzlaşması və BP rəhbərinin proqnozunu “Şərq”ə dəyərləndirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, neftə tələbatın azaldığını və qiymətin bir daha yüksəlməyəcəyini sadəcə, neft hasil edən şirkətlər yox, qlobal neft bazarı oyunçuları da deyir.



İlham Şaban: “Amma başa düşmürlər ki, dünya hər 5 ildən bir kəskin dəyişir. Bu dəyişim elmi-texnologiyanın inkişafı ilə əlaqədardır. Yəni, alternativ enerjilərdən istifadə olunur” 


Ekspertin sozlərinə görə, dünya miqyasında neftin ticarəti ilə məşğul olan “Qrinkor” şirkətinin rəhbəri 2016-cı ildə bu reallığı dilə gətirib: “İllər öncə enerjinin bahalı dövrünün başa çatdığı elan olunub. Buna inanmayanlar hələ də bu cür bəyanatların siyasi olduğunu iddia edirlər. İki gün öncə “Boeing” şirkəti dünyanın ən qənaətcil təyyarəsini istehsal etdi. Təyyarə 16 min kilometr məsafəni yanacağa ehtiyac duymadan qət edə bilir. Ənənəvi enerji istehsal edən bəzi şirkət rəhbərləri zənn edirlər ki, nefti 200 il eyni qiymətə satmaq mümkündür. Başa düşmürlər ki, dünya hər 5 ildən bir kəskin dəyişir. Bu dəyişim elmi-texnologiyanın inkişafı ilə əlaqədardır. Qlobal bazar iştirakçılarının öz tələbləri və standartları mövcuddur. Bazarda neftin qiymətini məhz həmin qlobal oyunçuların tələbləri müəyyən edir. Ən böyük bazar Avropadır. Dünyanın heç bir yerində 600 milyon tona yaxın mavi yanacaq və 550 milyard kubmetr qaz istehlak edilmir. Avropa bazarı inkişaf etmiş ölkələrdən ibarətdir və bu ölkələrdə texnologiyalar yüksək standartlara cavab verir. Avropadan kənarda isə ən qlobal bazar Amerikadır. ABŞ bazarı da kifayət qədər böyükdür və dünyaya təsir göstərəcək gücə sahibdir”. 

İ.Şabanın fikrincə, alternativ enerji və qənaətcil texnologiyalar illər öncə tətbiq edilməyə başlanıb:

“Alternativ enerji ilə zəhərli qazların ekologiyaya ziyan vurmasının qarşısını alıblar, insanların ömrünü uzadıblar. Hazırda alternativ enerji 3 faizdirsə, bir müddət sonra 10 faizi keçəcək. Belə olan halda neftin qiyməti heç vaxt qalxa bilməz. Ancaq 50 ildən sonra qiymət 100 dollara çata bilər. Yəni 50 ildən sonra dünyada neft ehtiyatı azalacaq və qiymət yüksələcək. Afrika kimi geridə qalmış ölkələr baha qiymətə neft almağa məcbur olacaqlar”.