Nazir düz deyir: “Neftin qiymətindən ciddi təşvişə düşmək lazım deyil”

“Neftin qiyməti 35 dollara qədər düşsə, hətta bu vəziyyətdə 5-6 ay davam etsə belə Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək”.  Bunu Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib. 

İqtisadçının sözlərinə görə, neftin qiyməti büdcədə müəyyən edilən şərtlərə cavab verməzsə, məsələ yenidən müzakirə oluna bilər: 

“Bu, həm praktikada mümkündür, həm də bununla bağlı təcrübəmiz var. Ona görə də neftin qiymətinin qalxıb-enməsindən ciddi təşvişə düşmək lazım deyil. Məsələ ondadır ki, neftin qiyməti ilə bağlı hər iqtisadçının öz tədqiqatı olur və bu tədqiqatlar küçənin şayiələri ilə müəyyən edilmir. Qiymət proqnozları institusional qaydada verilir. Neftin qiyməti siyasi proseslərlə yanaşı, dünya birjalarındakı dəyişikliyə görə müəyyənləşir. Məsələn, biz ticarətin ümumi həcminə nəzər yetirsək, neftin qiymətinin enməsini müşahidə edə bilərik. Amma bu, neftin qiymətinin aşağı düşmə trendi sayılmır. 



Fuad İbrahimov: “Neftin qiyməti ilə bağlı hər iqtisadçının öz tədqiqatı olur və bu tədqiqatlar küçənin şayiələri ilə müəyyən edilmir”


Yəni neftin sürətli şəkildə ucuzlaşmasından söhbət getmir. Əksinə, son proqnozlar neftin qiymətinin yaxın günlərdə qalxacağından xəbər verir. Lakin neftin bahalaşması prosesi də 3-5 ay çəkəcək. Çünki neftin qiyməti dəhliz boyunca üfiqi şəkildə hərəkət edir. Nə yüksək səviyyəyə qalxır, nə də həddindən artıq aşağı enir. Mövcud vəziyyətin proqnozu budur və dəyişməsi üçün çox ciddi hadisələrin baş verməsi lazımdır. O səbəbdən ictimaiyyətin neftlə bağlı ajiotajına səbəb yoxdur”.

Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov da yerli KİV-ə açıqlamasında neftin qiymətinin enməsindən təşvişə düşməməyi məsləhət bilib.