Neftin qiymətinin kəskin ucuzlaşması manata təzyiqləri artırsa da, amma heç bir ajiotaja ehtiyac yoxdur. Çünki bu ajiotajın iqtisadi əsası yoxdu. Elə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov neftin qiymətinin kəskin azalmasının milli valyutanın məzənnəsinə təsiri ilə bağlı məqama toxunarkən bu barədə danışıb.
Sədrin sözlərinə görə, Azərbaycanın kifayət qədər valyuta ehtiyatı mövcuddur və Dövlət Neft Fondunun transfertləri dəyişmir. Baş bankirin sözlərinə görə, eyni zamanda Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları var.
Sitat: “Bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil. Əhaliyə çağırışımız ondan ibarətdir ki, öz hərəkətləri ilə bizə kömək etsinlər ki, biz bu problemi daha tez həll edək".
Elman Rüstəmovu dediyinə görə, bu gün Azərbaycandakı bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. Bank sektoru valyuta ilə təmin olunub. AMB-nin sədri onu da əlavə edib ki, bu gün Mərkəzi Bankda növbədənkənar valyuta hərracı keçirilib. Lakin bu gün tələbat ötən günlə müqayisədə iki dəfədən çox aşağı düşüb.
Əslində 2014-cü ildən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı, eləcə də iqtisadiyyatın diversifikasiyası neftdən asılılığı xeyli aradan qaldərıb. Əgər 2014-cü ildə Azərbaycan dövlət büdcəsində neft sektorunun payı 80% idisə, bu rəqəm hazırda 50%-dək azalıb, qeyri-neft sektorunun payı praktik olaraq 20%-dən 50%-dək yüksəlib. 2014-cü ildən sonra həyata keçirilən siyasət həm də praktik olaraq, Azərbaycanın dövlət rezervlərinin artırılmasına xidmət edib. Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 milyard dollardan çox olması praktik olaraq, Azərbaycanda dövlət rezervlərinin ÜDM-dən daha çox olmasına gətirib çıxarıb.
2019-cu ildə aparılan kütləvi islahatlar, xüsusilə də kölgə iqtisadiyyatına qarşı mübarizə dövlət büdcəsinə əlavə olaraq, 1 milyard manat vergi daxilolmalarının cəlb edilməsinə imkan verdi. Eyni zamanda bu ilin iki ayında da büdcə daxilolmaları proqnozlaşdırılandan daha çox olub. Məhz bu da, qeyri-neft sektorunun hesabına baş verib.
İqtisadçı alim, millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycan iqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatları davam etdirir. “Aparılan islahatlar özünü iqtisadiyyatın strukturunda göstərməkdədir. Bu baxımdan həm çevik reaksiyalar, həm də atılan addımlar növbəti mərhələdə də qlobal şokların, xarici iqtisadi faktorların Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa imkan verəcək. Ölkəmiz strateji yol xəritəsinə uyğun olaraq, növbəti mərhələdə də iqtisadiyyatın şaxələnməsi və iqtisadi islahatların dərinləşdirilməsi ilə bağlı addımlar atacaq”.
Elə Prezident İlham Əliyev də Milli Məclisdəki dünənki çıxışında islahatların sistemli şəkildə davam edəcəyini növbəti dəfə bəyan etdi. Artıq yeni mərhələyə keçən islahatlar sayəsində Azərbaycanın uğurla sosial dövlət modelinə transformasiya olunduğunu və bu siyasətin davam edəcəyini vurğuladı. Ölkədə ciddi dəyişikliklər və islahatlar davam edəcək. İndiyədək yürüdülən siyasətdən aydın görünür ki, islahatlar real şəkildə icra olunacaq. Yeni, növbədənkənar parlament seçkiləri isə islahatların daha uğurla davam edəcəyinə şərait yaradacaq. Dövlət başçısının islahatlar konsepsiyası artıq real nəticələrini verməkdədir və bu proses davam edəcək.
Səbuhi Məmmədli