“Koronavirusun iqtisadiyyatımıza təsirləri zəiflədilir”

“Prezidentin qətiyyətli addımları, verdiyi qərarlar  sayəsində dövlətimiz əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir”



"Dünyada cərəyan edən koronavirus pandemiyası reallığı bir sıra ölkələrin iqtisadiyyatına mənfi təsirlərini göstərir. Əlbəttə, bu istiqamətdə önləyici addımların atılması zərurətə çevrilib". 

Bu fikirləri "Sherg.az"a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin koronavirus pandemiyasından irəli gələn kəskin dalğalanmaların ölkəmizin iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı imzaladığı Sərəncamı və ondan irəli gələn məsələləri şərh edərkən deyib.



Ekspertin sözlərinə görə, Prezident İlham Əliyev virus dalğasının qlobal miqyas almağa başlamasından dərhal sonra müvafiq addımların atılması üçün ardıcıl tapşırıqlarını verdi, sərəncamlar imzaladı: 

"Sərəncamın imzalanması ilk növbədə Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına hesablanmış əhəmiyyətli addım oldu. Artıq koronavirusla mübarizə həm dövlətimizin, həm də vətəndaşlarımızın məsuliyyəti üzərində aparılır. Bu, çox önəmlidir.
Digər tərəfdən, ölkəmizdə heç bir sosial təlaş, panika mövcud deyil. Çünki hər bir vətəndaş dövlətin sosial qayğısını üzərində hiss etməkdədir. Bu qayğının tərkib hissələrindən bir də iqtisadi təminatın qorunub-saxlanılmasıdır. Azərbaycan dövləti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Bu tədbirlər sayəsində bir sıra xarici ölkələrdən fərqli olaraq, istər paytaxtda, istərsə də bölgələrimizdə qida və yeyinti bazarı, habelə digər müvafiq təhlükəsizlik və təminat məsələləri tam şəkildə icra olunur. Bu, Azərbaycan dövlətinin daim vətəndaşının yanında olmasının bariz göstəricisidir".

B.Quliyev bildirib ki, Prezidentin qətiyyətli addımları, verdiyi qərarlar  sayəsində dövlətimiz əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir. Baş redaktor hesab edir ki, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah, həmçinin atılan digər addımlar cənab Prezidentin təhlükəli pandemiyanın qarşısının alınmasına dair ciddi ölçülər götürdüyünü əks etdirir:

“Düşünürəm ki, imzalanan Sərəncam özündə mühüm sosial mahiyyəti isbatlayır, dövlət tərəfindən insan amilinə göstərilən növbəti diqqəti sərgiləyir. Prezidentin bir illik əməkhaqqını virusla mübarizə fonduna bağışlaması, digər qurumların, fərdlərin, biznes strukturlarının bu örnək addımı təkrarlaması təqdirəlayiqdir. Həmçinin maaşların saxlanılması qərarı ilə vətəndaşların məzuniyyətə buraxılması, habelə, gündəlik iş fəaliyyəti ilə qazanc əldə edən vətəndaşlarımızın da dövlətin qayğısından yararlanmaları faktı kimi çoxşaxəli tədbirlərin dünyada presedenti olmayan nümunə olduğunu sübuta yetirir"