"Əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə imkan verilməsin"
Dünya iqtisadiyyatında yeni böhran dalğasının formalaşması, eyni zamanda neft qiymətlərinin kəskin şəkildə enməsi və koronavirus pandemiyasının sürətlə yayılması bütün milli iqtisadiyyatlara, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir göstərib.
Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupun əsas məqsədi bu təsirlərin və belə təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, iqtisadiyyata və sahibkarlığa dəstək paketinin formalaşdırılmasıdır. İqtisadi bloka daxil olan qurumların birgə və intensiv fəaliyyəti nəticəsində bu işi qısa bir müddətdə əsasən yekunlaşdırmaq mümkün olub. İşçi qrup dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlayıb.
Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və vətəndaşlara dövlət dəstək tədbirləri ilə bağlı millət vəkili Aydın Hüseynov “Sherg.az”açıqlama verib və indiki vəziyyətdə bu mühüm addımın sahibkarlar və vətəndaşlar üçün əhəmiyyətindən bəhs edib:
“Dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı geniş antiböhran paketi- dəstək proqramları hazırlanıbdır. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş bütün sahələrin dərin diaqnostikası aparılaraq iqtisadi və sosial sektorlarda ən çox, əhəmiyyətli və minimum ziyan çəkən sahələr müəyyən edilibdir. Hökumətin dəstək paketi zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Dəstək proqramlarıının əsas hədəfi biznes sektorunun, istehsal, xidmət müəssisələrinin, rentabelli təşkilatların dayanıqlılığını təmin etməkdir. Biznesin üzləşdiyi sosial-iqtisadi təsirlərin qısa bir zamanda aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi ümumi iqtisadi sabitliyin, dayanıqlılığın təmin edilməsində daha əhəmiyyətli rol oynayır. Bu proqramların maliyyə tutumu 2,5 milyard manatdır və Azərbaycanın ÜDM-nin 3,1%-ni təşkil edir. Bu, olduqca böyük məbləğdir və biznes sektorunun dayanıqlılığını təmin edəcək. Məsələn, təkcə bir istiqamət üzrə 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektinin zərərləri dövlət qarşılayacaq, bu sektorda işçilərin əmək haqqının əhəmiyyətli hissəsi ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək.
Dövlət ilk növbədə insanların sosial rifahını prioritet hesab edərək onlara sosial dəstək göstərəcək. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək bu proqramın tərkib hissəsidir. Tədbirlərdən biri əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da birbaşa sosial xarakterlidir. Karantin rejimi ilə əlaqədar insanların evdə qalması səbəbindən istehlak olunan enerjinin həcmi artıb. Əhalinin həssas qrupları üçün bu xüsusilə nəzərə alınacaq”.
- Fikrinizcə, bu proqram çərçivəsində daha hansı əlavə tədbirlər effektiv ola bilər?
- Proqram çərçivəsində, dövlət həm biznesə, həm də ev təsərrüfatlarına kredir güzəştləri edəcək. Burada iki istiqamət üzrə dəstək mexanizmi nəzərdə tutulubdur. Birincisi, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu sənəd daha geniş olmaqla 1 milyard manatlıq maliyyə yükünə malikdir. Burada həm qismən dövlət büdcəsinin, həm də ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Başlıca hədəf həm biznes subyektlərimizə dəstək verməkdir, eyni zamanda, bizim üçün zəruri, çox vacib və əhəmiyyətli olan maliyyə-bank sektorunun kredit portfelinin sağlamlığının qorunub təmin edilməsidir. Kreditlərlə bağlı ikinci proqram İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramının əsas prioriteti həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə dəstəyi nəzərdə tutur.
Bu siyasətə uyğun olaraq dövlət sahibkarlıq sektoruna vergi güzəştləri də edəcək. Burada da əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə imkan verilməsin. Sahibkarlara veriləcək vergi güzəştləri sırasında mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştlər, müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar, vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət vergisindən azad edilməsi, bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi yer tutur”.