Bankomatların qarşısında kütləvi toplaşmaq olmaz ! - QADAĞANDIR !


“Təqaüdün gecikməsinə  görə narazılıq edə bilərlər. Amma bu, müvəqqətidir. Vəziyyəti nəzərə almaq lazımdır"



Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası əhalinin nəzərinə çatdırır ki, “COVİD – 19” pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının olmaması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətində dəyişdirilib.

Nazirlikdən verilən məlumata görə, pensiyaların Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ayın 8-də, Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə ayın 9-da, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə ayın 10-da, respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə ayın 15-də ödənilməsi müəyyən edilib.
Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə ayın 28-i tarixində təmin ediləcək.
“Diqqətinizə çatdırılır ki, pandemiya ilə əlaqədar yaşı 65 və daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 – Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.
Eyni zamanda, bildirilir ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.
Hər hansı sualınız olacağı təqdirdə, 142 – Çağrı Mərkəzinə müraciət edə bilərsiniz”.



Rejimin dəyişdirilməsinə dair fikirlərini "Sherg.az"a bölüşən iqtisadçı- ekspert, millət vəkili Vüqar Bayramov bunun karantin rejiminin tələbi olduğunu deyir:

"Bildiyiniz kimi, elan olunan karantin rejimi ilə əlaqədar insanların evdən çölə çıxması məhdudlaşdırılıb. Yəni kütləvi toplaşmaq da qadağandır. Bankomatların qarşısında isə bir qayda olaraq növbə yaranır. Bu sıxlığı aradan qaldırmaq məqsədilə atılan addımı düzgün hesab edirəm. Kimsə təqaüdünün bir neçə gün gec gələcəyinə görə narazılıq edə bilər. Amma bu, müvəqqətidir. Mövcud vəziyyəti nəzərə almaq lazımdır".

V.Bayramovun sözlərinə görə, yaşı 65-dən çox olanlar üçün sosial xidmətçi yardımının nəzərdə tutulması da çox yaxşı qərardır:

"Çünki yaşı 65-dən çox olanlar ümumiyyətlə, çölə çıxa bilməzlər. Amma hökumət onları diqqətdə saxlayır və sosial xidmətçi yardımını nəzərdə tutur. Odur ki, indi nəinki tək yaşamayan, övladı olan, hətta digər ahıllar üçün də heç bir çətinlik olmayacaq. Hökumət həmişə vətəndaşın yanındadır".