Sahib Məmmədov:“...İş axtaranları və digər işsizləri də nəzərə almaq lazımdır”
Ölkəmizdəki karantin rejimi ilə əlaqədar olaraq dövlət tədbirlərini davam etdirir. Həmin tədbirlərdən biri də işsiz vətəndaşlara 190 manat müavinətin verilməsidir. İşin icrasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Vəsaitin verilməsi üçün vətəndaşlar onlayn formada qeydiyyatdan keçməlidirlər. Lakin işsiz dedikdə hansı vətəndaşların nəzərdə tutulduğu dəqiq bilinmir.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, 190 manat müavinətin verilməsi yaxşı haldır. Lakin kimlərsə məbləğin az olduğunu deyə bilər. Amma indiki şəraitdə dövlət büdcəsinin imkanları daxilində bu vəsaitin verilməsinə görə dövlətə “çox sağ ol” düşür:
“Müavinətin verilməsi insanlara kömək olacaq. Sadəcə olaraq burada bir problem var: verilən qərarda işsizlərə müavinət veriləcəyi qeyd olunub. Lakin 2018-ci il yanvarın 1-dən qüvvəyə minmiş “İşsizlik hallarından sığorta haqqı” haqqında Azərbaycan Respublikasının qanununa görə, yalnız müəssisə ləğv olunduqda və ştatlar ixtisar edildikdə işsizlər müəssisənin ləğv olunduğunu iddia edə bilər. Bu halda əmək müqaviləsinə xitam verilir, Əmək Məcəlləsinin 70A və yaxud B bəndi ilə, həmin şəxslər gedib məşğulluq mərkəzlərində uçota durub “işsiz” statusu əldə edirlər.
İş axtaranlar daha geniş kateqoriyanı əhatə edir. Kimsə ömrü boyu işləməyib iş üçün müraciət edirsə, o “işsiz” kimi deyil, “iş axtaran” kimi qeydə alınacaq. Yaxud da əvvəl uzun müddət işləməyib, indi məşğulluq mərkəzinə müraciət edirsə, həmin şəxs yenə də “iş axtaran” kimi qeydə alınacaq. Eyni zamanda bir vaxtlar mülki hüquqi müqavilə ilə çalışanların indi məşğuliyyəti yoxdursa, onlar da iş axtaranlar hesab olunur. Həmçinin, əmək müqaviləsinə digər hallarda xitam verilibsə, kimsə seksual istismara məruz qalıb özü məcburən iş yerini tərk edibsə və ya sınaqdan, attestasiyadan keçməyibsə işini itirib. Belə şəxslər işsiz sayılmır. Əlbəttə bu, konstitutsiyamızla ziddiyət təşkil edir, amma təssüf ki, 2018-ci il qanununda belə yazılıb. Müavinətlərin verilməsi ilə bağlı qərarda yalnız işsizlər nəzərdə tutulursa, onların sayı məhdud saydadır. Amma iş axtaranların sayı kifayət qədər çoxdur”.
S.Məmmədov bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olan şəxslər və onların bütün ailə üzvləri məşğul sayılır:
“Halbuki onların içində on minlərlə insan var ki, torpaq sahəsinin yerini unudub. Çünki torpaq ya əkinə yararsız yerdədi, ya da qonşusuna satıb amma rəsmiləşdirilməyib. Belə şəxslər 190 manat vəsaitin verilməsindən kənarda qalırlar. Eyni zamanda yuxarıda “iş axtaranlar” adlanan vətəndaşlara da müavinətlər düşmür. Cənab Prezident də qeyd edir ki, qərar 600 min şəxsi və fərdi sahibkarı əhatə edəcək. Bu, balaca rəqəm deyil. Dövlətimiz bunun üçün çox sağ olsun. Amma adlarını qeyd etdiyim kateqoriyadan olan şəxsləri də nəzərə almaq lazımdı”.