Onlayn avtomobil satışı hələlik müəyyən çətinliklər yarada bilər - Ekspert

"Gələcək üçün daha perspektivlidir"

Avtomobil bazarının aparıcı şirkətlərindən olan “Avtolüks Azərbaycan” karantin rejimi dönəmində avtomobil almaq arzusunda olan vətəndaşlara yeni imkanlar yaradıb. Belə ki, müştərilər indi evdən çıxmadan avtomobil sahibi ola bilərlər. 

Bundan ötrü əvvəlcə şirkətin rəsmi nümayəndəsi olduğu brendlərin rəsmi saytlarında, sosial media səhifələrində (Facebook və Instagram) yerləşdirilmiş xüsusi sorğu formasını doldurmaq lazımdır. Sonra peşəkar satış məsləhətçiləri avtomobil almaq üçün müraciət edənlərə zəng edir, onlayn imkanlar hesabına onlara maraqlarına və ehtiyaclarına uyğun avtomobil seçməkdə yardımçı olurlar. 



Müştəri alış qərarını verdikdən sonra elektron formada zəruri sənədləşmə işləri yerinə yetirilir. Müştərinin ödənişdən sonra əldə etdiyi avtomobil evakuatorla yaşadığı ünvana çatdırılır və ona təhvil verilir.

 Məsələ ilə bağlı "Sherg.az"a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun sözlərinə görə, bu, hələlik müəyyən çətinliklər yarada bilər:

"Adətən insanlar avtomobilə baxış keçirmək, onun standartlara cavab verib- vermədiyini müəyyənləşdirmək, hətta test üçün sürmək istəyirlər. Onlayn mühitdə bu, sadəcə qismən mümkündür. Hətta satıcılar müştəriləri cəlb etmək məqsədilə  göstəriciləri qeyri- dəqiq  yaza da bilərlər. Yəni müştərilər ancaq etibar etdiyi, inandığı şirkətlə  onlayn alış- veriş edəcəklər. Ona görə, düşünürəm ki,  avtomobillərin onlayn satışını müştərilər bu gün elə də isti münasibətlə qarşılamayacaq. Amma müsbət ideyadır. Gələcək üçün daha perspektivlidir. Çünki gələcəkdə bu ideya daha da təkmilləşə, qüsurlar aradan qaldırıla bilər".