OPEK və qeyri-OPEK ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib.
APA xəbər verir ki, iclasda “OPEK+” ölkələri tərəfindən Meksikanın gündəlik neft hasilatını 100 min barrel həcmində azaltması təklifinə baxılaraq qəbul edilib.
Həmçinin Meksikanın “OPEK+” ölkələri nazirlərinin IX iclasında təklif edilmiş kvotaları qəbul edəcəyi təqdirdə Razılaşmanın mayın 1-dən qüvvədə olacağı şərti “Əməkdaşlıq Bəyannaməsi”ndən çıxarılıb. “Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barrel əvəzinə 100 min barrel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barrel azaltması ilə razılaşılıb. Bununla da “OPEK+” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln.barrel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.
“OPEK+”un qərarına Azərbaycan da öz dəstəyini ifadə edib. Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının sabitləşdirilməsi məqsədilə neft ölkələrinin mövqeyini yüksək qiymətləndirib: “Bugünkü görüş və “OPEK+”un qəti mövqeyi hasilatın azaldılması ilə bağlı qərarın icrası üzrə maneələri və tərəddüdləri aradan qaldırdı. Hasilata müdaxilələrlə neft bazarının tənzimləmə mexanizmi qlobal səviyyədə dəstəklənir və bu dəstək neft bazarının sabitləşdirilməsinə töhfə verəcək. Həmçinin bu qərar “OPEC plus” formatından kənardan ölkələrin də hasiatı azaltmaların təşviq edəcək”.
Xatırladaq ki, 9 apreldə OPEK və qeyri-OPEK ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.