“ƏDV yalnız zəruri ərzaq və tibbi məhsullara tətbiq edilməlidir” 

“Daxili istehlak bazarında bahalaşmanın olmaması üçün bütün idxal və ərzaq məhsulları üzrə ƏDV ləğv edilə bilməz”

“Bu, yerli istehsalın məhvinə gətirib çıxarar” 



Azərbaycanda əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi nəzərdə tutulur. Bu məsələ Prezidentin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planında əksini tapıb. Eyni zamanda Tədbirlər Planında əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların da idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur.  Bəs, bəzi məhsulların ƏDV-dən azad edilməsi bazarda qiymətlərin ucuzlaşmasına gətirib çıxardacaqmı və əsasən hansı məhsullar ƏDV-dən azad edilməlidir?

İqtisadçı-ekspert “Sherg.az”a açıqlamasında deyib ki, hazırki şəraitdə istər ölkə iqtisadiyyatının, istərsə də vətəndaşların müvafiq dövlət dəstəyinə ciddi ehtiyacı var. Ekspert vurğulayıb ki, ölkə iqtisadiyyatının pandemiyadan daha az itkilərlə çıxması üçün dövlət dəstəyi zəruridir: 

“Bu dəstək müxtəlif formalarda həyata keçirilə bilər. Mart ayının 19-dan dövlət başçısının müvafiq Sərəncamı ilə dörd işçi qrupu yaradılıb. Bu işçi qrupları iqtisadiyyatın əsas istiqamətləri üzrə hökumətin hansı addımlar ata biləcəyini müəyyənləşdirmək üzrə çalışırlar. Ortada müəyyən nəticələr var. Mövcud dəstəyin əsas elementlərindən biri vergi güzəştləridir. Bu mexanizmlər hazır vəziyyətdədir və tezliklə tətbiq edilməsinin şahidi olacağıq. Mühüm məsələlərdən biri də əlavə dəyər vergisindən azad olmadır. Lakin burada bir qədər ehtiyatlı mövqe tutmaq lazımdır. Əvvəla ucdantutma bütün sahələr üzrə vergi güzəştlərinin tətbiqi düzgün olmazdı. Çünki koronavirus pandemiyası ölkə iqtisadiyyatına ikitərəfli mənfi təsir göstərib. Birincisi, xarici faktordur, yəni qlobal iqtisadiyyatda yaranan vəziyyətlə əlaqədar neftin qiymətinin düşməsidir ki, bu da dövlət gəlirlərinin azalmasına səbəb olub. Digər faktor isə iqtisadiyyatın əsas sahələri – xidmət sektoru, turizm, ictimai-iaşə obyekləri, yəni mikrosahibkarlıq fəaliyyəti ilə məşğul olanların işlərinin dayandırılmasıdır.


Ona görə də ƏDV və başqa vergi güzəştləri ən zəruri sahələr üzrə tətbiq edilməlidir. Ərzağın ƏDV-dən azad edilməsi olduqca ciddi yanaşma tələb edir. Daxili istehlak bazarında bahalaşma olmaması üçün ucdantutma bütün idxal və ərzaq məhsulları üzrə əlavə dəyər vergisi ləğv edilə bilməz. Əgər söhbət idxal olunan ərzaq məhsullarından gedirsə, hesab edirəm ki, ƏDV ən zəruri ərzaq məhsulları üzrə tətbiq edilməlidir. Çünki idxalda ərzaq məhsullarının ölkəyə girişi tamamilə stimullaşdırılarsa, bu yerli istehsalın məhvinə gətirib çıxara bilər”. 

İqtisadçının fikrincə, tibbi ehtiyaclarla bağlı müəyyən vasitələrin ƏDV-dən azad olunması isə real şəraitdə tələb olunan əsas şərtlərdən biridir: 

“Ölkə daxilində hökumət qarşısında iki mühüm vəzifəni yerinə yetirmək problemi mövcuddur. Birincisi, epidemiya ilə bağlı əhalinin sağlamlığını qorumaqdır. İkincisi isə ölkə əhalisinin sosial durumunun pisləşməsinin qarşısını almaqdır. Bu iki vəzifənin həyata keçirilməsi ciddi yanaşma tələb edir. Əhalinin sağlamlığının qorunması məqsədi ilə hansı istiqamətdə addımlar atmaq lazımdırsa, orada geniş miqyasda güzəştlərin tətbiqi mümkündür. Amma vətəndaşların sosial durumunu düzəltmək üçün tətbiq olunacaq güzəştlər və atılacaq addımlar elə olmalıdır ki, pandemiya təhlükəsi sovuşduqdan sonra ölkə iqtisadiyyatı tez zamanda bərpa oluna bilsin. Hesab edirəm ki, bilavasitə ərzaq məhsulları sahəsində, idxalda genişmiqyaslı güzəştlərin tətbiqi yolverilməzdir. Bundansa yerli istehsalçıların dövlət tərəfindən himayə olunması, bir müddət vergi güzəştlərinin tətbiq edilməsi daha məqsədəuyğundur”.