Prezident İlham Əliyevin növbəti sərəncamı ilə 2 min nəfərə aylıq vəzifə maaşının bir misli miqdarında əlavə müəyyən edilib. Sərəncama əsasən, koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulub.
Koronavirusla mübarizə istiqamətində Azərbaycan vətəndaşlarının birliyinin və həmrəyliyinin şahidi olduğumuzu vurğulayan iqtisadçı Asif İbrahimov “Sherg.az”a deyib ki, yerli özünüidarəetmə orqanları tərəfindən bir çox şəxslər könüllü şəkildə sosial xidmətlərin icrasında iştirak etdilər:
“Prosesdə böyük zəhmət çəkən peşə sahiblərindən biri də pandemiyaya qarşı mübarizə şəraitində ehtiyac sahibi insanların sosial yardım və müavinət almasını həyata keçirən sosial xidmət sahələrində çalışan işçiləridir. Bu sahələrdə çalışanlar həssas təbəqə ilə sıx təmas quraraq, onların problemlərini həll edir və pandemiya ilə mübarizəyə ciddi töhfə verirlər. Ona görə də bu sektorda fəaliyyət göstərən şəxslərin maaşlarının artırılması ilə bağlı cənab Prezident tərəfindən sərəncamın verilməsi çox təqdirəlayiqdir. Bir şeyi də qeyd edim ki, dövlət tərəfindən səlahiyyətləndirilən sosial işçilərlə yanaşı müxtəlif dövlət təşkilatlarında çalışan şəxslər də könüllü şəkildə pandemiyaya qarşı mübarizə şəraitində ehtiyac sahibi insanlara sosial xidmətlər göstərilməsi prosesində iştirak edirdilər. Ölkə başçısı tərəfindən məhz bu kontingentin sosial durumunun daha da yaxşılaşdırılması ilə bağlı qərar verilməsi çox müsbət olardı”.