“Sahibkarlar istəyərdilər ki, vergilərdən tam azad olunsunlar. Lakin bizim üçün dövlətin pulu havadan gəlmir”
Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.
Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, kiçik və orta sahibkarlığa vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulur.
Vergilərin bir hissəsinin qaytarılması, bu il ərzində ödənməli olan vergilərin ödəniş müddətinin uzadılması da buraya daxildir.
Qeyd edək ki, pandemiyadan zərər çəkmiş sahibkarlıq fəaliyyəti sahələrinə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyətini həyata keçirən subyektlər, yerləşdirmə vasitələri hesab olunan mehmanxana, otel, hostel kimi təsərrüfatlar, ictimai iaşə fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti və s. misal göstərilə bilər. Həmçinin, tədris müəssisələri, o cümlədən məktəbəqədər təhsil müəssisələri, hazırlıq mərkəzləri də zərər çəkən müəssisələr kimi müəyyənləşdirilib.
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Sherg.az"a pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə nəzərdə tutulan vergi güzəştləri və tətillərinin verilməsini müsbət hal kimi dəyərləndirib.
O, bu addımların sahibkarların vergi yükünü əhəmiyyətli dərəcədə azaltdığını vurğulayıb:
"Dünyanın əksər ölkəsi pandemiyadan zərər çəkən sahibkarlara və sadə vətəndaşlara maliyyə dəstəyi göstərir. Sözsüz ki, edilən güzəştlər və ayrılan pullar həmin ölkələrin iqtisadiyyatının mövcud vəziyyətindən asılı olaraq dəyişir. Amerika dövləti sahibkarlara dəstək məqsədilə büdcədən 6 trilyon dollar vəsait ayırıb. Çünki onlar pulu birbaşa olaraq çap edirlər. Hər kəs onun dollarını alır.
Britaniya isə sahibkarlara işçilərinin əməkhaqlarının 90 faizini ödəyəcək qədər maliyyə yardımı edib. Azərbaycan dövləti də öz büdcəsinə uyğun pandemiyadan zərər çəkən insanlara maliyyə yardımı ayırıb, sahibkarlıq subyektlərinə müəyyən güzəştlər edib".
Ə.Həsənovun sözlərinə görə, vergi güzəştləri və tətilləri ilə bağlı təkliflər paketi koronavirus pandemiyasının milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış İşçi Qrup çərçivəsində müvafiq qurumlarla geniş müzakirə olunub:
"Eyni zamanda Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir”.
Ekspertin fikrincə bu tədbirlər sahibkarlara kömək edəcək:
"Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 50 faiz azalma deməkdir. Hər bir halda, verginin az ödənilməsi o deməkdir ki, həmin sahibkarın bu dövrdə azalan gəlirlərinin gözləniləndən daha çox azalmasına gətirəcək.
Təbii, sahibkarlar istəyərdilər ki, vergilərdən tam azad olunsunlar. Lakin bizim üçün dövlətin pulu havadan gəlmir ki ABŞ kimi sahibkarlara maksimum səviyyədə güzəştlər edilsin.
Mənim fikrimcə Azərbaycan dövləti bacardığı qədər kömək edir".
Neftin qiymətinin minimuma düşdüyünü vurğulayan ekspertin sözlərinə görə, bu ucuzlaşma böyük ehtimalla uzun müddət davam edəcək. İndidən gəlirlərimiz azalıb:
"İlin əvvəlində 50 milyard dollar olan valyuta ehtiyatımız kəskin şəkildə azalmağa başlayıb. Üstəlik, biz pandemiyanın və bu səbəbdən yaranan böhranın nə qədər çəkəcəyini də bilmirik. Hazırda dövlət bütün valyuta ehtiyyatlarını xərcləsə, düzgün hesab olunmaz. Böhran uzanacağı təqdirdə bu milli iqtisadiyyatımız üçün xoşagəlməz nəticələrə yol aça bilər.
Bu mənada dövlətin vergi və sosial müdafiə sahəsində atdığı addımları qənaətbəxş hesab edirəm. Təklifim isə banklara borcu olan vətəndaşlar üçün də kredit tətilinin verilməsi ilə bağlıdır".