İlham Şaban:“Birjalarda “brent” markalı neftin qiyməti üç faktordan dolayı bahalaşa bilər”
Dünya bazarında “brent” markalı neftin qiyməti ucuzlaşıb. Bu neftin qiyməti birjalarda 3.35 dollar enərək 16.25 dollar olub.
Maraqlıdır, neftin deqressiv qiymət dinamikası nə vaxta kimi davam edəcək? Gələn aylarda “brent” markalı neft hansı qiymət dinamikasını əks etdirəcək?
Suallarımızı cavablandıran Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, uzun müddətdir, dünya birjalarında “brent” markalı neftin qiyməti aşağı trendi sərgiləyir:
“ Mart ayının əvvəlindən başlayaraq neftin qiymətində kəskin azalmalar yaşanaraq 52 dollardan 24 dollara qədər ucuzlaşama olub. Daha sonra OPEK+ ölkələrinin görüşü ilə bağlı olaraq neftin qiyməti səkkiz gün müddətində 30 dollardan yüksək dinamikaya qalxıb. Lakin sonrakı günlər müəyyən faktorlardan dolayı “qara qızıl”ın dəyəri enməyə başladı. Amma hazırkı, şəraitdə dünya birjalarında Azərbaycanın “brent” markalı nefti yüksək qiymət dinamikası göstərir”.
İ.Şaban onu da söyləyib ki, birjalarda “brent” markalı neftin qiyməti üç faktordan dolayı bahalaşa bilər:
“Birinci faktor OPEK+ ölkələrinin may ayının birindən etibarən hasilatı azaltması ilə bağlıdır. Əgər OPEK+ ölkələri may ayından etibarən hasilatı azaltsa, dünya bazarında neftin həcmi azalacaq. Bu da birbaşa olaraq neftin qiymətinə müsbət təsir gösrəcək. İkinci amil odur ki, dünya iqtisadiyyatında istehsalın yenidən başlaması neftə tələbatı artıracaq. Üçüncü faktor isə budur ki, ölkələr arasında sərhədlərin açılması da neftin qiymətində canlanma yaradacaq. Lakin bu faktor yaxın vaxtlarda baş verməyəcək. Məsələn, Rusiyanın proqnozuna görə iyul ayının birinə kimi sərhədlər bağlı saxlanacaq. İtaliya IV rübə kimi ölkəyə giriş-çıxışı dayandıracaq. Fikrimcə, karantindən sonra dünyada enerjiyə böyük ehtiyac olacaq. Bu da qiymətləri artıracaq. Proses də 2020-ci ilin sentyabr-oktyabr aylarından başlayacaq”.