Aleksandr Novak: “Aprel neft sənayesi tarixinin ən ağır ayı ola bilər”


“2020-ci ilin apreli neft sənayesi tarixinin ən ağır ayı ola bilər”.

Bunu Rusiyanın Energetika naziri Aleksandr Novak Gazeta.ru nəşrinə müsahibəsi zamanı deyib.

Nazir qeyd edib ki, indi dünya əhalisinin üçdə ikisi özünütəcrid şəraitində yaşayır və bununla bağlı olaraq yanacaqdoldurma məntəqələrində tələbat, hava limanlarında kerosin istehlakı və neft emalı zavodlarında yüklənmə azalıb.
Hazırda tələbat sutkalıq 20-30 milyon barel azalıb. Buna baxmayaraq, hələ də sözügedən rejimin nə zaman başa çatacağı, iqtisadiyyatların bərpasının və müvafiq olaraq məhdudlaşdırıcı tədbirlərin ləğvi və tələbatın artmasının hansı sürətlə olacağı aydın deyil.

“Aprelin bütün sənaye tarixində ən ağır ay olması mümkündür”, - deyə A.Novak qeyd edib.

A.Novak bu dövrdə hətta neft-kimya sahəsində də neftə tələbatın azaldığını açıqlayıb.