Birdəfəlik ödəmə (190 manat) proqramı işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu ödəməni almaq üçün edilmiş müraciətlərin e-sistem tərəfindən emalı zamanı Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilmiş məlumatlar əsasında onlardan 19 min 200 şəxsin adında iki və daha çox avtomobilin olduğu müəyyən olunub.
Həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.
Birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan, ümumilikdə, 25-dək elektron informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.
Birdəfəlik ödəmələr ünvanlılıq prinsipi əsasında, aztəminatlılıq meyarlarına uyğun gələn şəxslərə təyin olunur.
Hazırda da müraciətlərə baxılması prosesi davam edir.