“Banklardakı gərginlik dünənin problemi deyil, məlum vəziyyət illərdir mövcuddur”
“Ona görə də müvəqqəti inzibatçılıqla bağlı qərar yanlışdır”
Azərbaycandakı bəzi bankların bütün səlahiyyətləri alınıb. Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunublar.
Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
Yeni qərarla bağlı fikirlərini “Sherg.az”la bölüşən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bankların əlində səlahiyyətlərinin alınması üçün uğursuz zaman seçilib.
Ekspertin sözlərinə görə, onsuz da hazırda iqtisadiyyatda pandemiya və karantin dövrü ilə əlaqədar panika var:
“Müvәqqәti inzibatçının təyinatı vətəndaşlar və sahibkarları bank hesabındakı vəsaitdən istifadə etməsi imkanından məhrum edir. Mərkəzi Bank o zaman müvəqqəti inzibatçı təyin edə bilər ki, hansısa bankın maliyyə problemləri olsun. Bankların əsasən ödəmə qabiliyyətində problemlər olduqda, yəni öhdəliklərini yerinə yetirmədikdə müvəqqəti inzibati iş təyin olunur. Müvәqqәti inzibatçı bir qayda olaraq Mərkəzi Bankın işçiləri olur. Onlar gəlib məsələni yerində ayırd etməlidirlər. Banklardan səlahiyyətlərin alınmasını karantindən sonra da etmək olardı. Həmçinin karantindən əvvəl də belə qərar qəbul edilə bilərdi. Banklardakı gərginlik dünənin problemideyil, mövcud vəziyyət illərdir var idi”.
Ə.Həsənov hesab edir ki, 4 bankı birləşdirmək düzgün deyil:
“Bankda ödəmə qabiliyyətində problemlərin yaranması üçün 2 əsas ola bilər. Ola bilər ki, bankda müvəqqəti likvidlik problemi var. Yəni bank alacağını vaxtında ala bilmədiyi üçün verəcəyini zamanında verə bilmir. Məsələn, bank 1 milyon əmanət cəlb edib və 2 milyon kredit verib. Kredit verdiyi sahibkarlar isə pulu qaytarmır. Bu zaman bank məcburdur ki, məhkəməyə müraciət etsin. Amma Azərbaycanda məhkəmə illərlə davam edir. Belə olan zaman əmanətçi banka gəlib pulunu tələb edir. Əvvəl-axır bank məhkəmədə qalib gəlib pulunu geri götürəcək. Belə olan halda bankın problemi müvəqqətidir. Ona görə Mərkəzi Bank həmin banklara kredit verməlidir”.
Mütəxəssis qeyd edib ki, adları çəkilən 4 bankdakı problemlər 1 ilə yaxındır var:
“Ona görə də müvəqqəti inzibatçılıqla bağlı qərar yanlışdır”.