“Elektron vizanın verilməsi nəticəsində turistlər rahat və sərbəst şəkildə biletlərini alaraq Azərbaycan hava limanında vizanı əldə edib ölkəyə daxil ola bilərlər”
Azərbaycanda turistlərə elektron vizaların verilməsi qaydası dəyişdirilir. Bu barədə “Turizm haqqında” qanunun 7.1.6-cı maddəsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci üç iş günü müddətində baxılır. Birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə, ən geci üç saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycanın beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə, real vaxt rejimində baxılır.
İqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a açıqlamasında bildirib ki, turistlərə elektron vizaların verilməsi üçün təklif olunan dəyişiklik müsbət qiymətləndirilməlidir.
Ekspertin fikrincə, mövcud dəyişiklik ölkəmizdə turizmin inkişafına təkan verəcək:
“Ölkəmizə gələn turistlər üçün veriləcək vizalarla bağlı son 10 ildə kifayət qədər sıçrayış baş verib. Bir müddət öncə, Azərbaycana gəlmək üçün viza almaq, ABŞ-a viza almaqdan daha rahat idi. Amma son dövrlər bu sahədə yumşalmalar baş verdi. Əsasən də vizaların elektron səviyyədə müraciəti baxımından imkanların yaradılması məsələni geniş şaxələndirdi. Son zamanlar Azərbaycanda turizmin inkişafı göz qabağındadır. Eyni zamanda paralel olaraq problemlərin də qalması turizm sahəsini məhdudlaşdırırdı. Amma elektron vizaların verilməsi bu sahəni əlçatan etdi”.
İqtisadçı bildirib ki, birdəfəlik elektron vizaların verilməsi Azərbaycanın beynəlxalq hava limanlarında vizanın alınması üçün müraciət edildikdə real vaxt rejimində mümkün olur:
“Yəni turist elektron müraciət etmədən Azərbaycana gəlir və turistin sənədləri standartlara cavab verirsə, o yerindəcə vizanı alıb ölkəmizə gələ bilər. Bir çox ölkə tərəfindən bu qayda tətbiq olunub. Həmçinin qardaş Türkiyə neçə illərdir bu sistemdən istifadə edir. Digər ölkələr Türkiyəyə gəlib hava limanında qeydiyyatdan keçir və pasporta xüsusi marka şəklində ştamplar yapışdırılır. Beləliklə turist 30 günlük vizanı alıb ölkəyə daxil olur. Azərbaycan da eyni sistem tətbiq olunacaq. Turistlər daha rahat və sərbəst, hansısa bürokratik əngəlləri aşmaqla biletlərini alaraq Azərbaycan hava limanında vizanı əldə edib ölkəyə daxil ola bilərlər".
Ekspertin sözlərinə görə, təklif olunan yenilik ölkəmizdə turizmin inkişafına, turist axınının çoxalmasına səbəb olacaq:
“Yəqin ki, koronavirus səngiyəndən sonra bu dəyişiklik turizm sektorunu stimullaşdıracaq və inkişafa doğru şərait yaratmış olacaq".