Dövlətlər sınağa çəkildi: “Azərbaycan güclü iqtisadiyyata malik olduğunu sübut etdi”

“Ölkəmiz fors-major hallarda belə sənaye istehsalını təmin etməyə qadir olduğunu göstərdi”


“Azərbaycan dövləti onu göstərdi ki, hər bir böhran həm də yeni bir imkandır”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədov deyib. 
Siyasi şərhçi bildirib ki, koronavirus pandemiyası bütün dünya ölkələri üçün gözlənilməz bir bəla oldu. Dünyanın ən inkişaf etmiş ölkələri belə bu xəstəliyin qarşısında aciz qaldılar:

“ 100-dən artıq ölkənin kredit ayrılması üçün Beynəlxalq Valyuta Fonduna müraciət etməsi bunun göstəricisi idi. Bu, həm də onu göstərdi ki, pandemiya həqiqətən də ciddi qlobal kataklizmlərə səbəb olub. Azərbaycanda isə vəziyyət tamamilə nəzarət altında saxlanıldı. Azərbaycan dövləti öz daxili imkanları hesabın koronavirusun zərərlərini minimumlaşdıra bildi. Bunu şərtləndirən ən böyük amil Azərbaycan Prezidentinin vəziyyəti şəxsən nəzarətdə saxlaması, məsələyə sistemli yanaşması idi.

Ölkəmizdə koronavirusla mübarizə kompleks xarakteri ilə seçilirdi. Bu baxımdan 3 əsas istiqamət diqqəti cəlb edirdi. Birincisi, vətəndaşların sağlamlığı, ikincisi, aztəminatlı ailələrin dövlət hesabına vəsaitlə təmin olunması, üçüncüsü isə koronavirusun ölkə iqtisadiyyatına zərərlərinin minimuma endirilməsidir.

Ölkə rəhbərliyi əhalinin sağlamlığı və təhlükəsizliyini hər şeyin fövqündə tutdu. Xüsusi karantin rejiminin tətbiq olunması bunu əyani olaraq sübut etdi. İqtisadi itkilərə baxmayaraq, xüsusi karantin rejiminin müddəti uzadıldı. Əhalinin sağlamlığı və xəstəliyə yoluxmaması üçün nə lazımdısa, həyata keçirildi. Eyni zamanda, aztəminatlı ailələrə dövlət hesabına yardımlar edildi. Bu iki istiqamətə paralel olaraq, koronavirusun ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimumlaşdırılması təmin edildi”.

C.Əhmədliyə görə, koronavirus həm də sınaqdır. Dövlətlərin iqtisadiyyatı sınağa çəkildi: 

“Hansı ölkənin qlobal təhdidlərə qarşı daha güclü immunitetə sahib olduğu üzə çıxdı. Hansı ölkələrdə dövlətlə vətəndaş arasında sıx həmrəyliyin olması aydın oldu. Dövlət başçısının çağırışı ilə bütün əhalinin vahid məqsəd ətrafında birləşmək imkanına sahib olduğu sübut olundu. Azərbaycan dövləti bu prosesdə həm insan amilinə yüksək dəyər verdiyini, həm ölkədə xalq-iqtidar birliyinin möhkəm təməllər üzərində qudulduğunu, həm də güclü və davamlı inkişaf edən iqtisadiyyata sahib olduğunu sübut etdi. Ölkəmiz fors-major hallarda belə sənaye istehsalını təmin etməyə qadir olduğunu göstərdi. Əvvəlcə tibbi maska istehsal edən zabodun işə başlaması, daha sonra isə Sumqayıtda qoruyucu kombinezonlar istehsal edən müəssisənin fəaliyyətə başlaması bunu bir daha təsdiq etdi”.