Universitet ödəniş hayında, tələbə pul axtarır - PARADOKS !

“Ödənişlə bağlı ciddi qərarlar verilməlidir. Tələbələrə güzəşt edilməlidir”

“Dünyanın bir çox ölkələrində qəbul olunmuş qaydalara uyğun olaraq ən azı sentyabr ayına qədər bütün ödənişlərin dayandırılması daha məntiqli olardı” 




Karantin rejiminin elan olunması bir çox iş yerlərinin bağlanmasına səbəb oldu. Vətəndaşların böyük qismi 2 aydır, işsizdir. Belə bir zamanda ali təhsil ocaqlarının tələbələrdən illik ödənişi tələb etməsi ilə bağlı söz-söhbətlər dolaşır.

Tələbələr haqlı olaraq ödəniş etməyə imkanlarının olmadıqlarını bildirsələr də, müəyyən təzyiqlə üzləşdiklərini deyirlər. Təbii ki, səbəb karantinlə əlaqədar olaraq validyenlərinin işsiz olmasıdır. Məsələnin həlli yolu olsa da, nədənsə universitetlər güzəşt etməyi düşünmürlər. 

Yaranmış problemlə əlaqədar fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu məsələyə dair qonşu ölkələrin çox yaxşı təcrübələri var. 
İqtisadçının qənaətincə, yaxşı olardı ki, ölkəmizdəki özəl və dövlət ali məktəblərin rəhbərliyi ilə Azərbaycan höküməti arasında bir görüş keçirilsin və məsələnin həlli istiqamətində formullar hazırlansın:



“Avropa ölkələrinin əksəriyyətində, hətta Rusiyada belə mart ayından sonra ödənişlərlə bağlı hətta yataqxana ödənişlərində ciddi güzəştlər oldu. Bu güzəştlər həmçinin xarici tələbələrə də aid idi. Məsələn, Fransda oxuyan azərbaycanlılar var ki, onların yataqxana pullarını, təhsil haqlarını Fransa dövləti öz üzərinə götürdü. Belə örnəklər çoxdur.

Ölkəmizdə təhsil dayandırılıbsa, bu, vətəndaşların günahı ucbatından baş verməyib. Fors-major situasiyadır, bu situasiyaya görə, tələbələrin ödənişi tam həcmdə ödəməsi doğru deyil. Düzdür, bəzi universitetlər deyir ki, distant təhsildən istifadə edib dərs keçmək üçün müəllimlər cəlb ediblər, internet vasitəsilə dərslər olub.

Amma açıq danışmaq lazımdır ki, belə dərslərin keyfiyyəti və həcmi fiziki dərslər qədər olmayıb. Bakıdan regiona gedən tələbələr var idi ki, onların mütəmadi olaraq internetə qoşulması və yaxud müəyyən proqramlarla dərsləri alması, ənənəvi dərs keyfiyyətini vermir”. 

İqtisadçı qeyd edib ki, keyfiyyətli dərs almayıblarsa, tələblərin ödəniş etməsi tamamilə yersiz:

“Universitetlərin xərcləri aşağı düşüb. Elektrik və istilik enerjisi istifadə etmirlər, müəyyən kommunal xərclər də ciddi aşağı düşüb. Çünki dərslər keçirilmirsə, təbii ki, kommunal xərclər də ödənilmir. Onlara vergi güzəştləri olunub. Yəni, bu güzəştlərin müqabilində ödənişlə bağlı ciddi qərarların alınmasının zamanıdır. Tələbələrə güzəşt edilməlidir. Dünyanın bir çox ölkələrində qəbul olunmuş qaydalara uyğun olaraq ən azı sentyabr ayına qədər bütün ödənişlərin dayandırılması daha məntiqli olardı. Bu, həm tələblər, həm validyenlər üçün əlavə yük olmaqdan çıxardı”.