“Ötən il iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparılıb və çevik, ədalətli idarəetmə üçün təşkilati zəmin yaradılıb”.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Tahir Mirkişili deyib.
Deputat qeyd edib ki, şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyatı ilə mübarizə öz effektiv təsirini göstərib.
Onun sözlərinə görə, bu, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb.
“Bütün bunlarla yanaşı, bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. İnanırıq ki, görülən tədbirlər, bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaq”, - deyə T.Mirkişili əlavə edib.
O bildirib ki, əlverişli iqtisadi zəmin büdcənin uğurla icrasına şərait yaradıb.
Komitə sədrinin sözlərinə görə, büdcənin icrası iqtisadi artıma dəstək verib.
Maliyyə naziri Samir Şərifov isə rəqəmlərlə büdcənin icrası barədə məlumat verib.
O bildirib ki, müvafiq dövr üçün dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat məbləğində proqnozlaşdırılıb.
Lakin faktiki olaraq, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon 100 min manat təşkil edib.
Bu, proqnozla müqayisədə 1 milyard 50 milyon 100 min manat çoxdur.
“Dövlət büdcəsinin gəlirlərinin 7 milyard 672 milyon 300 min manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 milyard 408 milyon 600 min manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşüb.
Gəlirlərin 11 milyard 364 milyon 300 min manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin hesabına formalaşıb”, - deyə S.Şərifov əlavə edib.
2019-cu il dövlət büdcəsinin xərcləri isə proqnozlaşdırılandan aşağı olub.
Belə ki, ötən il üçün dövlət büdcəsinin xərcləri 25 milyard 190 milyon manat proqnoza qarşı 24 milyard 425 milyon 900 min manat təşkil edib.