“Rəqabətli mühitin olmaması, kreditlərin yüksək faizlə verilməsi bankların qeyri-neft sektorunu maliyyələşdirməsinə imkan yaratmır”
Tanınmış iqtisadçı Pərviz Heydərov maraqlı təkliflə çıxış edib. Onun fikrincə, bank sektoru qeyri-neft sektorunu maliyyələşdirməlidir. Yalnız belə olan halda qeyri-neft sektoru inkişaf edə bilər: “Bəli, bank sistemində real vəziyyət 2015-2016-ci illərdə dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən zərbədən sonra yaranmış durumda deyildi və həmin vəziyyətdə sayıla da bilməz Lakin ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektorunu inkişaf etdirmək və bu sahədən ixracı artırmaq tələblərinə, məqsədinə də uyğun deyil, çünki sözügedən tələbə və məqsədə cavab vermək üçün bank sektoru qeyri-neft sektorunu maliyyələşdirməlidir”.
İqtisadçı-ekspert Nazim Bəydəmirli isə “Sherg.az” açıqlamasında deyib ki, ölkəmizdə bunun üçün münbit şərait yoxdur:
“Bütün ölkələrdə həm neft, həm də qeyri-neft sektorlarının inkişafında bank sistemi mühüm rol oynayır. Lakin xarici ölkələrdə bank resursları ümum daxili məhsula (ÜDM) bərabərdir. Azərbaycanda isə bu göstərici heç 30 faiz deyil. Üstəlik, banklar kreditləşməni və uzun müddətli kreditləşməni həyata keçirmək istəmirlər. Qeyd etdiyim məqam ölkəmizdə risk kimi qəbul edilir. Qeyri-neft sektorunda dövriyyə vəsaitlərinin azlığı sahibkarların rəqabət qabiliyyətli məhsullar istehsal etməsinə mane olur. Nəticədə yerli məhsullar xarici istehsala uduzur. Bütün bunlar öz növbəsində məsələni qəlizləşdirən amillərdir”.
N.Bəydəmirlinin fikrincə, bank kreditlərinin çox yüksək olması da əsas problemlərdən biridir:
“Biznes kreditləri 15 faizdən çoxdur. Düzdür, pandemiya dövründə dövlət başçısı bir neçə dəfə dedi ki, sahibkarların kreditlərin yarısını ödəyəcək. Yəni bu hesabla biznes kreditləri 7 faiz ola bilər. Amma İpoteka və zəmanət Fondu vətəndaşların istəklərinə adekvat cavab vermir. Mən bir bankla maraqlandım. Altı ay ərzində cəmi iki şirkətə kredit verdiyini öyrəndim. Həm də ona görə ki, banklar ancaq tanıdıqları, özlərinə yaxın olan şirkətlərə kredit verirlər. Bir sözlə, Azərbaycanda prosedur qaydalar olduqca mürəkkəbdir”.
Ekspert bildirdi ki, sözügedən təklifin reallaşmasından ötrü bir neçə problem həll edilməlidir:
“Hər il Azərbaycanda bu məsələ müzakirə mövzusuna çevrilir. Amma ölkəmizdə rəqabətli mühitin olmaması, kreditlərin yüksək faizlə verilməsi bankların qeyri-neft sektorunu maliyyələşdirməsinə imkan yaratmır. İlk növbədə rəqabətli mühit formalaşmalıdır. Bunun üçün kredit faizlərinin azalması ən əsas şərtdir”.