Beynəlxalq Valyuta Fondu (BFV) rəhbəri Kristalina Georgiyevanın açıqlamasına görə, İkinci Dünya Müharibəsindən bəri heç bir böhran COVID-19-un yaratdığı həddə çatmayıb. Dünya iqtisadiyyatının həcminin ümumilikdə 3 faiz azalacağını proqnozlaşdırdıqlarını bildirib: "Bundan sonrakı proqnozlarımızı iyunda açıqlayacağıq və çox təəssüflər olsun ki, bu proqnozlar daha pis olacaq. Ölkələrin əksəriyyətinə dair verdiyimiz proqnozları daha da aşağı salacağıq".
Jackson Institute of Global Affairs" tədqiqat mərkəzinin əməkdaşı Stiven Rouç isə COVİD 19-la əlaqədar dolların 35 faiz ucuzlaşacağını proqnazlaşdırdığını açıqlayıb.
İqtisadçının fikrincə, dollar üçün əsas təhlükə ABŞ-ın qlobal liderliyinin zəifləməsidir. S.Rouç koronavirus pandemiyasının da ABŞ iqtisadiyyatına ciddi zərər vurduğunu qeyd edib.
Beynəlxalq Valyuta Fondunun sonuncu dəfə bu ilin prel ayında dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqladığını vurğulayan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib ki, həmin proqnozlara görə 2020-ci ildə dünya iqtisadiyyatının 3 faiz, inkişaf etmiş iqtisadiyyatların 6,1 faiz, inkişaf etməkdə olan iqtisadiyyatların isə 1 faiz kiçiləcəyi göstərilib:
"Eyni zamanda qeyd edilən kiçilmənin dünya iqtisadiyyatının lokomotivləri olan ABŞ-da 5,9 faiz, Avro bölgəsində 7,5 faiz olacağı, Çin və Hindistanda isə müvafiq olaraq 1,2 faiz və 1,9 faiz iqtisadi böyümənin gözlənildiyi bildirilib.
Pronozlara görə 2021-ci ildə dünya iqtisadiyyatının özünü yenidən bərpa edərək sürətli böyümə yoluna girəcəyi qeyd edilirdi. Bu proqnozlar ən yaxşı ssenariyə görə idi, yəni nəzərdə tutulurdu ki, 2020-ci ilin ikinci yarısında artıq dünyada bu pandemiya başa çatacaqdır. Ancaq biz aprel ayından bu tərəfə keçən dövrə nəzər saldıqda nə görürük? Pandemiyanın bu ilin ikinci yarısında bitəcəyini deməyə heç bir əsasımız yoxdur. Çində pandemiyanın ikinci dalğası üçün ciddi əsaslar var.
Hindistanda, Rusiyada yoluxma hallarında əhəmiyyətli artım müşahidə edilir, ABŞ-da iqtisadi böhran daha da dərinləşir, böhranın idarə edilməsi məqsədilə qlobal əməkdaşlıq qurula bilmir və COVID-19 əleyhinə vaksinlərin hazırlanması prosesi istənilən sürətlə və arzuolunan səviyyədə getmir. Bütün bunlar həm bu il üçün, həm də 2021-ci il üçün verilən iqtisadi proqnozlara daha da pessimist yanaşmamızı şərtləndirir.
Eyni zamanda ABŞ iqtisadiyyatında böhranın dərinləşməsi, seçki ilini yaşayan bu ölkədə sosial və siyasi böhranları da qaçılmaz edir. İqtisadiyyatı canlandırmaq məqsədilə həyata keçirilən ekspansiv (genişlədirici) monetar və maliyyə siyasətləri dolların da nisbi zəifləməsini şərtləndirir.
Tədarük zəncirlərinin qırıldığı, istehlakın kəskin məhdudlaşdığı, hərbi-sənaye, enerji, turizm, nəqliyyat və digər bir çox önəmli sektorlarda aktivliyin məcburi və məqsədli şəkildə aradan qaldırıldığı pandemiya şəraitində hər hansı iqtisadi siyasət vasitələri ilə iqtisadiyyatı canlandırmağa çalışmaq müəyyən bir yerə qədərdir.
Düşünürəm ki, dünya artıq bu həddə gəlib çıxıb. Bundan sonra hər şey tibb sektorunda baş verəcək proseslərdən asılı olacaq. Yəni bu iqtisadi böhranın səbəbi iqtisadi olmadığı kimi həlli də iqtisadi siyasət vasitələri ilə olmayacaqdır.
Sadəcə iqtisadi siyasət vasitələri vəziyyəti bir qədər yumuşaltmağa xidmət edə bilər ki, bunun üçün də hər şeydən əvvəl qlobal iqtisadi əməkdaşlığa, iqtisadi siyasətlərin qlobal koordinasiyasına ehtiyac var. Ancaq təəssüf ki, G-7, G-20 kimi müstəvilərdə qlobal əməkdaşlığın qurula bilməməsi bu ehtimalı da azaldır".
İqtisadçının sözlərinə görə, mövcud situasiyada ABŞ və Çin arasında “soyuq müharibə”nin dərinləşəcəyi ehtimalı da kifayət qədər yüksəkdir. Bu isə dünya iqtisadiyyatının yenidən bərpa prosesini daha da uzada bilər:
" Ona görə hətta bu il COVID-19 əleyhinə vaksin tapılmış olsa da, mən bu böhranın 2021-ci ilə də ötürüləcəyini, bəzi sektorlarda isə psixoloji effekt hesabına hələ bir neçə il davam edəcəyini düşünürəm. Ona görə də, bu dövrdə Azərbaycan kimi ölkələr əldəki resurslardan daha səmərəli istifadə etməli, gələcəyin sektorlarına investisiyalarını artırmalı, qlobal siyasi və iqtisadi qırılmalar qarşısında daha çevik hərəkət edə bilmə qabiliyyətlərini gücləndirməlidirlər".