Rayonlardakı leysanın ziyandan çox xeyri var

Təbiətin bizə bəxş etdiyi bu imkandan faydalanmaq lazımdır



Milli Hidrometeorologiya Xidməti hava şəraitinin  kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Xidmətin məlumatına görə, Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Qeyd edək ki, havaların kəskin dəyişməsi, yağışların intensiv xarakter alması kənd təsərrüfatı ilə məşğul olan sahibkarları hər zaman narahat edən amillər sırasına daxil olub. Əslində haqsız da sayılmazlar, çünki müxtəlif ekspertlər tərəfindən bu cür hava şəraitinin kənd təsərrüfatının müxtəlif sahələri üçün ciddi risk faktoru  yaratmasına dair 
açıqlamalar verilib. 

Ekspertlərin fikrincə, mövsümün bu çağında yağıntıların normadan artıq olması bir sıra bitki və ağacların üçün təhlükəli xəstəliklərin aktivləşməsinə səbəb olur.
 


Məsələ ilə bağlı "Şərq"ə  danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov dünyada baş verən qlobal iqlim dəyişikliyi nəticəsində belə halların tez-tez baş verdiyini deyib:

"Ötən illərlə müqayisədə  havanın temperaturu həm birdən-birə kəskin aşağı düşür, həm də  yağışlar intensiv xarakter alır. Normalda isə keçid mülayim olurdu". 

Havaların yağıntılı keçməsinin kənd təsərrüfatı sahəsinə zərərdən çox fayda verdiyini vurğulayan  ekspert deyib ki, havaların kəskin dəyişməsi zamanı kənd təsərrüfatına dəyən ziyanların qarşısını almaq üçün addımlar atıldığı halda heç bir ziyandan söhbət gedə bilməz: "Azərbaycanda əkin sahələrinin suvarma su ilə təminatı qaneedici deyil. Bu halda yağışa ehtiyac yaranır.

Ona görə də təbiətin bizə bəxş etdiyi bu imkandan faydalanmaq lazımdır. 
Düzdür,  əvvəlki illərə nisbətdə daha böyük həcmdə dolunun  düşməsi xoşagələn deyil. Amma aqrotexniki qaydalara əməl etməklə  dolunu  neytrallaşdırıb bu  zərərin qarşısını almaq olur.  

Xüsusi avadanlıqlar, yəni toplarla havanın yüksək qatında dolunu vurub, buzu parçalayıb yerə  yağış halında düşməsinə nail olmaq lazımdır. Bütün dünya bu  təcrübədən istifadə edir. Bizdə isə hələ ki, bu işlə məşğul olmurlar.

Ona görə də, kənd təsərrüfatına az da olsa ziyan dəyir.
Biz havanı düzəldə bilmərik, buna görə də elə etməliyik ki, bitkilər bu amillərə dözümlü olsun. Yeni sortlar üstündə işləmək, aqrotexniki qaydalara riayət etmək, belə hallar baş verərsə, havanın temperaturu kəskin dəyişərsə, müəyyən qaydalara əməl etmək lazımdır ki, bitkilər normal inkişaf etsin, stres amillərə dözsün və məhsuldarlıq yüksək olsun".

Meşələrin havanın temperatunu tənzimləyib yağışın normal  miqdarda yağmasına təsir imkanına malik olduğunu vurğulayan ekspert hesab edir ki,  Azərbaycanda meşə ərazilərini genişləndirmək lazımdır.