Daha sonra uyğun yatırımların cəlb olunması haqqında düşünməlidirlər
Bir bölgəyə aid sərmayə planları başqası üçün uğursuz nəticələnə bilər
Prezident İlham Əliyev icra hakimiyyəti başçılarını təyin edərkən, onlardan etdiyi tələbin biri də, rəhbərlik etdikləri rayona investisiyanın cəlb edilməsi ilə bağlıdır. Dövlət başçısı Biləsuvar və Saatlı rayon icra hakimiyyətləri başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulunda da bu məsələyə növbəti dəfə diqqət çəkib.
Prezident qeyd edib ki, rayonlara sərmayə qoyuluşu stimullaşdırılmalı, xarici investorlar cəlb edilməli, onlara şərait yaradılmalıdır. Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz vətənini, öz insanlarını düşünməlidir. Bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Ona görə də sahibkarların mənəvi öhdəliyi olmalıdır və onlar indiki şəraitdə vəsaitlərini ölkə iqtisadiyyatına yönəltməlidirlər.
İqtisadçı-ekspert Natiq Cəfərlinin "Sherg.az"a açıqlamasına görə, investisiya qoyuluşu zamanı rayonlara fərdi yanaşmaq lazımdır. Bir bölgəyə aid sərmayə planları başqası üçün uğursuz nəticələnə bilər:
"Amma regionlara xarici investitorların cəlb olunması ilə bağlı məsələni kifayət qədər aktual hesab edirəm. Fikrimcə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması xarici investorlar üçün çox cəlbedici ola bilər. Həmçinin investisiyaların qorunması ilə bağlı əlavə qanuna ehtiyac var.
Qanunlara müəyyən əlavə və düzəlişlər edildikdən sonra icra başçıları rayonlardakı konkret potensialı öyrənməli və buna uyğun yatırımların cəlb olunması haqqında düşünməlidirlər.
Sözsüz ki, bölgələrdə müxtəlif sərgilər keçirilməli, əcnəbi sahibkarlar rayonlara dəvət olunmalıdır. Doğrudur, gedişat onu göstərir ki, gələcəkdə xarici investitorlarla iş daha intensiv xarakter ala bilər. Lakin arzuolunan nəticə üçün hər şeydən əvvəl mövcud qanunvericilikdə dəyişikliklər edilməlidir".