Bazarda durum: “Alverçilər ucuz maşın alır ki...”

Koronavirus pandemiyası dünyada , eləcə də ölkəmizdə bütün sahələrin fəaliyyətində problemlərə yol açıb. Bu bbəla maşın bazarına da təsirsiz ötüşməyib. Ekspertlər hesab edir ki, pandemiya səbəbindən 2020-ci il ərzində Azərbaycanın avtomobil bazarında geriləmə qeydə alınıb. Bazardakı satıcılar iddia edirlər ki, koronavirus alıcılıq qabiliyyətini də aşağı salıb. 



"Avtosfer.az" saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı da “Sherg.az”a açıqlamasında bildirib ki, pandemiya və müharibə maşın bazarını çətin vəziyyət qarşısında qoyub. Bununla yanaşı, qeyd edim ki, dövlətin elan etdiyi köhnə avtomobillərin yığışdırılması prosesi fonunda ölkəyə maşın gətirilməsi heç də azalmayıb:

"Əvvəlki illərlə müqayisədə təxminən eynidir, hətta bəzi hallarda artıq da sifariş edilib. Düzdür, ölkəyə daşınan maşınların əskəriyyəti Gürcüstandan gətirilmiş tör-töküntü və hansısa kosmetik dəyişiklik edilmiş maşınlardır. Hər halda ölkəyə maşın gətirilir. Alıcılıq məsələsi isə gətirilən maşınlara nisbət ilə  ölçülmür, bu, sırf bazarın dövriyyəsindən asılıdır.

Pandemiya dönəminə görə bazarların fəaliyyətinə icazə verilmir, onlayn satışlar həyata keçirilir. Digər illərlə müqayisədə geriləmə müşahidə olunur, bu təsir ötən il açıq şəkildə hiss edildi. Əgər pandemiyaya qarşı sərt tədbirlər həyata keçirilməzsə, təxminən yay aylarında vəziyyət düzələ bilər.

Ümumi alıcılıq qabiliyətinin artıb yaxud azalacağı ilin sonuna qədər gözlənilən haldır. Çünki indi devalvasiya pulun dəyəri ilə bağlı xəbərlər artır. Bəzən alverçilər bu imkandan istifadə edir və ucuz qiymətə maşın alır ki, qiymətlərdə artım olsa, yaxşı pul qazana bilsinlər.

Hər alverçi 3-5 maşın alıb saxlasa da, bazar öz təsirini itirmir. Yay aylarından sonra avtomobil bazarında dirçəliş hiss oluna bilər".

E.Muradlı insanların hansı avtomobillərə üstünlük verdiyini də söyləyib. O vurğulayıb ki, əksəriyyət mühərrikinin həcmi az olan avtomobillərə maraq göstərir. Eləcə də, hibrid avtomobillərə tələbat var:

"Bazara işlənmiş hibridlər daha çox gətirilir, bu da heç yaxşı bir hal deyil. Köhnə hibridlərdə tez bir zamanda nasazlıq yaşanarsa, insanlar bu avtomobillərə pis münasibət formalaşdırır. Belə olmaması üçün dəfələrlə təklif etmişik ki, hibrid avtomobillərə güzəşt edilsin. Onda insanlar daha komfortlu avtomobil əldə edə bilər. Biz nə vaxta qədər hansısa ölkənin tör-töküntü maşınlarını sürməliyik?! Cəmiyyətimiz, insanlarımız  buna layiq deyil.

Aidiyyəti qurumların marağı ucbatından gömrük və əlavə dəyər vergisində heç bir güzəşt olunmur deyə vətəndaşlar da , köhnə avtomobillər almaq məcburiyyətində qalırlar.