Müdafiə və milli təhlükəsizlik xərcləri artıb

Üzeyir Cəfərov: "44 günlük müharibədən çıxan ölkə olduğumuz üçün müəyyən məsələlər həllini tapmalıdır"

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın müdafiə və milli təhlükəsizlik üzrə xərcləri açıqlanıb. Bununla bağlı Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət büdcəsinin yanvar-iyun ayı üzrə icrasına dair yaydığı hesabatda bildirilir.
Qeyd olunur ki, müdafiə və milli təhlükəsizlik xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 76 milyon 300 min manat artaraq, 2 milyard 533 milyon 400 min manata çatıb.

Müdafiə xərclərinin artımının hansı zərurətdən doğduğu barədə “Şərq”ə danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ölkə başçısı hərbi sahəyə xüsusi diqqət ayırır:

“44 günlük müharibədən çıxan ölkə olduğumuz üçün müəyyən məsələlər həllini tapmalıdır. Müharibə zamanı canlı qüvvəmiz və texnikalarımızı itirmişik. Müdafiə və təhlükəsizliklə bağlı xərclərimiz artıb. Ümumilikdə isə hərbi sahəyə diqqət və qayğı özünü müxtəlif formada göstərir. Bu, hərbi qulluqçuların aldığı məvaciblərdə, infrastrukturun yenilənməsi, azad edilən ərazilərdə modul tipli hərbi hissələrin tikilməsində özünü göstərir. Bütün bunlar ölkə başçısı tərəfindən nəzərə alınıb. Ona görə də hərbi xərclərimizin çoxalması tamamilə gözlənilən bir məqam idi. Ordumuzun 44 günlük Vətən savaşında ortaya qoyduğu nəticə göz qabağındadır. Ona görə də hərbi qüvvələrimiz güclü orduların siyahısında yer alır”.

Ekspertin sözlərinə görə, cənab Prezident ordumuz üçün nə lazımdırsa edir:

“Bunun üçün də dövlət büdcəsindən əlavə xərclər nəzərdə tutulub. Maliyyə Nazirliyi tərəfindən həm Azərbaycan Ordusu, həm də silahlı qüvvələrimizin ayrı-ayrı qoşun növləri xidmətlərinə vəsaitlər ayrılır. Demək olar ki, mütəmadi olaraq müxtəlif hərbi şəhərciklərdə yeni infrastrukturun inkişafını görürük. Bu proses davamlıdır. Məlumdur ki, mütəmadi olaraq hərbi təlimlərimiz də baş tutur. Hər kəs bilir ki, hərbi təlimlər kifayət qədər vəsait tələb edir. Çünki şəxsi heyətin qidalanmasından tutmuş digər xərcləri önəmlidir. Hərbi qulluqçuların statusu haqqında qəbul olunacaq yeni qanunda da bir sıra məsələlər nəzərdə tutulur.

Bu da hərbi qulluqçuların özləri və ailə üzvlərinin təminatının yaxşılaşdırılması ilə bağlıdır. Eyni zamanda müasir silah və texnologiyalar da alınacaq. Bütün bunlar da müdafiə sahəsindəki xərclərimiz sırasındadır”.