İran Azərbaycanın Cənubi Qafqazdakı aparıcı güc mövqeyi ilə hesablaşmalıdır

Zaman əvvəlki zaman deyil

  İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirilib. İslam Şurası Məclisində (parlament) baş tutan təntənəli andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei, dövlət məmurları, hərbçilər, xarici ölkə təmsilçiləri iştirak edib. İranın yeni prezidentinin andiçmə mərasimində dörd prezident, yeddi baş nazir, on iki parlament rəhbəri, dörd vitse-spiker olmaqla 70-dən çox ölkədən nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, Azərbaycanın Baş naziri Əli Əsədov İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib. Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri də sözügedən mərasimdə iştirak edib.
  İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində qardaş Türkiyəni isə xarici işlər naziri Hakan Fidan təmsil edib. Fidan inauqurasiyada ölkə prezidentinin xüsusi nümayəndəsi kimi iştirak edib.
Ermənistandan isə Baş nazir Paşinyan Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
  M.Pezeşkianın andiçmə mərasimində Azərbaycanın iştirakının iki ölkə arasında münasibətlərə təsirləri barədə “Sherg.az"a danışan Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov İranın Azərbaycanın Cənubi Qafqazdakı aparıcı güc mövqeyi ilə hesablaşmaq məcburiyyətinə diqqət çəkib: 

“Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsindən sonra Pezeşkianın andiçmə mərasimində yüksək səviyyədə təmsil olunmağımız onu göstərir ki, rəsmi Bakı həmişə olduğu kimi bu gün də cənub qonşumuzla münasibətlərin normallaşmasında maraqlıdır. Azərbaycan bunun üçün öz tərəfindən gərəkli bütün addımları atıb.
  Pezeşkianın seçkilərdə qalib gəlməsindən sonra Prezident İlham Əliyevin onu həm məktubla, həm də zəng edərək təbrik etməsi və Azərbaycana dəvət etməsi də bizim xoş məramımızın təzahürüdür. Proseslərin bundan sonrakı inkişafı isə artıq İran tərəfinin davranışlarından asılı olacaq. Azərbaycanəsilli Pezeşkian seçki kampaniyasındakı çıxışlarında molla rejiminin xarici siyasətni tənqid edir və qonşularla, ilk növbədə isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayırdı. Baxaq görək M.Pezeşkian indi bu fikirlərini sözdən reallığa çevirə biləcəkmi? Hər halda biz yenə də ümid bəsləyirik.
  Ancaq onu da bilirik ki, İranda prezidentlərin səlahiyyətləri elə də çox deyil və bu ölkənin xarici siyasətinin müəyyənləşdirilməsində əsas söz sahibləri də məhz ali dini rəhbər Seyid Əli Xamenei ilə SEPAH-dır. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı açıq şəkildə aqressiv siyasət yürütməyə başlamasının əsas günahkarları da elə onlardır. Biz molla rejiminin son dörd ildə dəfələrlə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması, İran rəsmilərinin və SEPAH generallarının Azərbaycanın ünvanına təhdid dolu bəyanatlarla çıxış etməsi, İran mediasında ölkəmizə qarşı yazıların dərc olunması və sair bu kimi anti-Azərbaycan xarakterli hərəkətləri unutmamışıq”.
  Politoloqun fikrincə, rəsmi Tehranın bu davranışlarının arxasında ən müxtəlif səbəblər, motivlər dayanır. Mollalara elə gəlir ki, Ermənistanla sıx əməkdaşlığın qurulması İranın regiondakı maraqlarına daha çox uyğundur: “Ancaq bu yanaşma kökündən yanlışdır. Mollalar yürütdükləri ermənipərəst siyasətin İranın strateji maraqlarına zərbə vurduğunu ya görmürlər, yadaki görmək istəmirlər. Pezeşkian isə ağıllı adamdır və o, molla rejiminin bütün yanlışlarını aydın görür. Biz çox istərdik ki, o, molla rejimini ermənipərəst siyasətdən əl çəkməyə təhrik etməyi və Azərbaycana qarşı pozucu addımlardan çəkindirməyi bacarsın. Əlbəttə, biz bunun elə də asan olmadığını başa düşürük. Ancaq onu da yaxşı bilirik ki, İranın da başqa yolu yoxdur. İran Azərbaycanın Cənubi Qafqazdakı aparıcı güc mövqeyi ilə hesablaşmalıdır”.