İranın Ermənistana xüsusi  sevgisi var- ŞƏRH

Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsinin sonunda Rusiya , Azərbaycan və  Ermənistan dövlət başçılarının  imzaladığı   bəyanatın  9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunub. 

Bu maddəyə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılmalı, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməli və nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməlidir. 

Dünən isə İranın ali dini lideri Ayətullah Xamenei "X" hesabında bildirdi ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın ziyanınadır.
"İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmağa davam edəcək", - paylaşımda deyilir.
Maraqlıdır İranın ali dini liderinin bu cür paylaşım etməsində hansı gizli mesajlar var?


 
Bu barədə "Sherg.az"a açıqlama verən politoloq Elşad Həsənov Ayətullah və onun İran İslam Respublikasının daima ermənilərin yanında olduğunu, onlara dəstək olduğunu bildirib:

"30 il Azərbaycan torpaqları işğal altında olanda da həmin fars- molla rejimi daima erməniləri dəstəkləyib, bizə kömək etməyiblər. 44 günlük müharibə dövründə də İran Ermənistana silah- sursat, ərzaqla kömək edirdi. Bunlar hamısı faktlardır. Eyni zamanda bizim oxucularda bilir ki, işğal olunmuş ərazilərimizdəki evlərin sökülməsində iranlıların da rolu var. Ermənilər həmin kəntlərdəki, rayonlardakı evləri iranlılara, farslara satırdılar. Onlar da həmin evləri ucuz qiymətə 100- 150 dollara alaraq söküb daşıyırdılar, darmadağın edirdilər. Bu gün bizim rayonlarımızın dağılmasında onların böyük "əməyi" var. Ermənistanla fars- molla rejiminin kökü eyni yerdən qaynaqlanır. Bunların hər ikisi antitürk mövqeyindədirlər. Ona görə də belə paylaşım olub.
Xamenei bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib. Və orada onu da bildirib ki, biz qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmaq istəyirik". 

İranın Ermənistana xüsusi istəyi, sevgisi olduğunu qeyd edən ekspert söyləyib ki, onların daxili mənəviyyatı bundan ibarətdir. İran İslam Respublikası və bir də onların ermənilərlə olan birliyi burada din qardaşları- azərbaycanlılara zülüm çəkdirdilər:

"Onlar isə həmin gavurlarla- ermənilərlə kef çəkdilər. Budur onların psixologiyası, budur onların siyasəti. Bunu bir daha İranın ali dini rəhbəri bildirir. Ancaq dəhlizin açılması üç tərəfli bəyannamənin 10- cu bəndində aydın göstərilib. Bu dəhliz Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməlidir. Həmin dəhliz də Zəngəzur dəhlizi adlandırılır. Və buna görə də başqa dövlətlər kimi İranda dəhlizin açılmasına maneəçilik törədir. İran və Ermənistan istəsə də, istəməsə də yolun açılması zaman məsələsidir. Çünki bu yol birincisi müqavilədə göstərilib, Rusiya üçün çox vacib dəhlizdir. Bu dəhliz Hindistan, Çin üçün çox vacib strateji əhəmiyyət daşıyır. Və bu yol açılacaq. Lakin Ermənistan tərəfi yolun yaradılmasına maneəçilik törədəndə biz İranla danışıqlar apardıq. Naxçıvanla birləşmək üçün İran ərazisindən yeni yol açdıq. Bu yolun da tikintisi başa çatmaq üzrədir. Həmin yol da orta yol kimi istifadə oluna bilər. 

Daha magistral, geniş yolun Zəngəzur dəhlizi olduğunu vurğulayan Elşad Həsənov bir müddət əvvəl Türkiyənin yol və infrastruktur nazirinin çıxışında bildirdiyi sözlərə diqqət çəkib:

"Bir müddət əvvəl Türkiyənin yol və infrastruktur naziri çıxışında bildirdi ki, bu yol 2028- ci ilə qədər açılacaq. Həmin yolun ərazisi cəmi 43 km- dir. Razılıq olsa yolun tikintisi çox vaxt aparmayacaq. Ancaq görünən odur ki, bunu İran istəmir. İran özü bunu qırmızı xətt adlandırır. Və Ermənistanda bu məsələdən hələlik yayınır. Ancaq Paşinyan bu dəhlizin təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistan təhlükəsizlik nazirliyinin tərkibində bir idarə yaratdı ki, məhz onlar bu yola nəzarət etsinlər. Bəyannamədə isə nəzərdə tutulmuşdu ki, həmin yola Rusiyanın Federal təhlükəsizlik xidməti nəzarət edəcək. Ancaq Ermənilər bununla razılaşmadılar. Və özlərinə idarə yaratdılar. İşin diplomatik yollarla həlli zamanı onu da bildirdilər ki, bəli biz bunu istəyirik ki, yola Rusiya yox, Ermənistan özü nəzarət etsin. Ancaq məsələ uzadılır. Və ara- sıra bu cür bəyanatlar səsləndirilir. Baxmayaraq ki, bu haqda Rəcəb Tayyib Ərdoğan İbrahim Rəisi ilə danışmışdı, Türkiyənin Xarici İşlər Naziri bununla bağlı İrana səfər etmişdi, danışıqlar aparmışdı. Lakin yenə də İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın inaqurasiya mərasimində  iştirak etmək üçün İrana səfər edən  Paşinyan Xamenei ilə görüşü zamanı təəssüf ki, o bu ikirləri səsləndirib. Düşünürəm ki, bu yol mütləq açılacaq".
        
Banuçiçək Kalbalıyeva