HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub.
Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.
Haniyənin öldürülməsi ilə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan vurğulayıb ki, bu, HƏMAS-a çox ağır zərbədir:
“HƏMAS ölüm faktının regionda gərginliyi kəskin şəkildə artıracağını və cavabsız qalmayacağını bildirib. Yəmən husiləri isə bu hadisəni beynəlxalq normaların pozulması kimi dəyərləndirərək qisas alacaqlarını söyləyiblər. Livan “Hizbullah”ı da İsmayıl Haniyəni öldürənlərə xəbərdarlıq edib. Vaxtı ilə HƏMAS Yaxın Şərqdə bütün terror qruplaşmalarına, o cümlədən İŞİD-ə qarşı mübarizə aparacağını açıqlamışdı. İŞİD bir müddət Qəzza zolağında Sinay yarımadasında fəaliyyət göstərib. Bu günlərdə isə HƏMAS-a qarşı mübarizə aparacağını bildirib. Pezeşkianın andiçmə mərasimi günü bu hadisənin törədilməsi İran hakimiyyətinə və hökumətinə bir xəbərdarlıqdır. Bundan sonra HƏMAS müharibəni davam etdirəcək. Xamənei, Pezeşkian, HƏMAS, “Hizbullah” və husilərin hadisə ilə bağlı açıqlamaları buna sübutdur. Müharibənin dayanması, Fələstinin siyasi təşkilatları və qrupları arasında barışın yaranması, onların İsraillə birbaşa, vasitəçisiz danışıqlar aparması Tehranın, onun arxasında duran güclərin maraqlarına cavab vermir”.