Mərkəzi Bankın yenilənmiş proqnozlara görə mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5.4%, 2025-ci illdə isə 5.5% olacağı gözlənilir.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, inflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər. Uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a bildirib ki, risklər dünyadakı geosiyasi vəziyyətdən asılıdır:
“Dünya hazırda çətin dönəmdədir. Ukrayna müharibəsi, Fələstində və Livanda baş verənlər dünya alt üst olmasına gətirib çıxara bilər. Dünən gündüz Həmasın liderini Tehranda vurub öldürdülər. Bunlar onu göstərir ki, çətin dönəmdəyik və Azərbaycan kimi kiçik dövlət heç nəyə təsir edə bilmir. Ancaq o risklər bizə təsir edə bilir. Yenilənmiş proqnoz mənə düzgün gəlmir. Çünki Azərbaycan vətəndaşı olaraq hər gün mağazalara girirəm və qiymət artımlarının şahidi oluram. Dövlət tənzimlənən qiymətləri də artırır. Bu fonda infliyasiyanın 5.4% olacağı inandırıcı görünmür. Bir neçə aydan sonra il bitdiyinə görə biz infliyasiyanın faizinə qiymət verə biləcəyik. Yəqin ki, Mərkəzi Bankın əlində statistika olduğu üçün ona əsaslanır. İctimaiyyət və ekspertlər ilin sonunda öz statistikasını açıqlayacaq ki, qiymət artımı nə qədər olub”.