Hesablama Palatası "Naxçıvan TV"-də dövlət əmlakından istifadə ilə bağlı pozuntular aşkarlayıb

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
Bu barədə "APA-Economics"ə Palatadan bildirilib.

Kollegiya iclasında ilk olaraq “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və onun tabeli qurumlarının fəaliyyətlərinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi”nə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib.

İclasda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov və aparat rəhbəri Elxan Mikayılov da iştirak ediblər. Agentliyin sədr müavini və aparat rəhbəri auditin nəticələrinin fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcəyini, Hesablama Palatasının tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər. Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına dair qərar qəbul olunub.

Daha sonra “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunub.