"Həm dövlət xərclərinin, həm də tənzimlənən xərclərin inflyasiyaya təsiri 2024-cü ilin və 2025-ci ilin sonuna kimi qiymətləndirilib".
“Sherg.az” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, proqnozlarda dəyişiklik olmasa, faiz və pul siyasəti ilə bağlı Mərkəzi Bankın qərarları sabit qalacaq:
"Yəni, hər hansı makroiqtisadi çağırışlar olmadığı halda pul siyasətinin sərtləşməsinə getməyəcəyik".
Məsələ ilə bağlı danışan iqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev “Sherg.az”a söyləyib ki, iqtisadiyyata xarici və daxili prosseslərin təsiri nəticəsində hansısa makroiqtisadi vəziyyət yarandığı halda Mərkəzi Bank sərt pul siyasətindən istifadə edir:
''Belə ki pul vahidlərinin tələb və təklifə təsir edəcək amilləri baş verdiyi halda sərt pul siyasətinə gedə bilir. Qeyd edim ki, sərt pul siyasəti bir neçə amillər ilə keçirilir. 2015-ci ildə devalvasiyadan sonra, sərt pul siyasəti tətbiq olundu. Bunlardan biri isə nağd pul hərəkəti həcminin azaldılması, nağdsız əməliyyatlarını səviyyəsinin yüksəldilməsidir. Əlavə olaraq, bura pul dəyişmə məntəqələrinin güclü nəzarət altında olması, onlara xüsusi lisenziyaların verilməsi daxildir. Bununla qara bazarın qarşısı alınır".