Analitik: ABŞ Gürcüstanı seçim qarşısında qoyur

Gürcüstanın baş naziri İrakli Kobaxidze rəsmi Vaşinqtonun bu ölkəyə sanksiyaların tətbiq olunacağı ilə bağlı bəyanatına cavab verib.
O bildirib ki, ABŞ rəsmilərinin analoji tərzdə fikirlər səsləndirməsi anılaşılmazdır.
O ölkəsinin ABŞ ilə münasibətlərə yenidən başlamağa hazır olduğunu sözlərinə əlavə edib:

“Son 3-4 il ərzində münasibətlərimizdə problem yaranıb. Ona görə də qarşı tərəfdən ədalətli, praqmatik və dostluq ruhuna uyğun yanaşma gözləyirik. Təhdid dilində danışmaq əvəzinə biz sağlam mühitdə dialoqun aparılmasına üstünlük verməliyik” – deyə, İ. Kobaxidze fikirlərini tamamlayıb.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib ki, bunun üçün rəsmi Pekinə Anakliya qəsəbəsində liman tikintisi üçün verilən icazə ləğv edilməli, ölkədə Avropa İttifaqının tələblərinə uyğun azad, ədalətli və demokratik seçki institutunun formalaşdırılmalı və hakimiyyət birmənalı olaraq zorakılıqdan çəkinməlidir.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turab Rzayev bildirib ki, Amerika Birləşmiş Ştatları açıq şəkildə Gürcüstan qarşısında seçim qoyur: 

“Yəni Gürcüstan Avroatlantik məkana inteqrasiya, Avropa İttifaqına üzvlük məsələsində addımlar atmalı və xarici siyasətində müttəfiq kimi ABŞ-ni görməlidir. Əks halda isə Qərb Gürcüstanı həm maliyyə cəhətdən dəstəkləməyi dayandıracaq, həm də sanksiyalar qoyacaq. İlk olaraq Avropa İttifaqı tərəfindən Gürcüstana yardımlar dayandırıldı. ABŞ-dən də müəyyən yardımların kəsilməsi ilə bağlı xəbərlər gəlir. Çünki Ağ ev görür ki, Gürcüstan Çin, Rusiya istiqamətində hərəkət edir. Gürcüstan Rusiya ilə viza rejimi ləğv etdi, aviareysləri açdı. Eyni zamanda Çin ilə vizasız rejimə keçir. Hətta Anaklia limanını ABŞ-dən alıb, Çinə verdi. ABŞ isə sözügedən prosesləri qəbul etmir. Qərb Gürcüstanın vaxt qazanıb, ABŞ və Avropadan daha da uzaqlaşaraq Rusiya ilə Çinə yaxınlaşmasına icazə verməyəcək".