Sosioloq od püskürdü: Qadına əl qaldırmaq böyük cinayyət hadisəsidir

Bakıda ər arvadına işgəncələr verib. Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda baş verib. Rayon sakini olan 40 yaşlı A.C. Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinir. Məlumata əsasən, A.C. arvadı 41 yaşlı L.Q.-ni müxtəlif səbəblərlə döyərək işgəncələr verib. Belə ki, birinci dəfə qadın ərindən 100 manat pulu gizlədib. Bunu öyrənən ər arvadını təpikləyərək döyüb. Tərəflərin növbəti münaqişəsi telefona cavab verməmək üstündə yaranıb. Qadının zəngə cavab verməməsindən hiddətlənən kişi evə gələrək arvadını həyətdə görüb. Onu oradaca soyundurub və əllərini toyuq hininə bağlayıb. Soyundurduğu paltarı qadının ağzına basaraq, onu döyüb. Aldığı zərbələrin təsirindən qadının huşu özündən gedib. Ancaq ər yenidən onu ayıldaraq, döyməyə davam edib. Məlumata görə, cütlüyün bir övladı var. Qadın gördüyü işgəncələr barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayətdən sonra tədbirlər görülməyə başlanılıb və kişi barəsində "işgəncə, əzab vermə" maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı tərəflər arasında barışıq əldə olunub. Təqsirkar A.C. barəsində ev dustaqlığı haqqında qətimkan tədbiri seçilib. Hazırda iş üzrə Xəzər Rayon Məhkəməsində araşdırmalar davam edir.

Hadisəyə münasibət bildirən sosioloq Mətanət Məmmədova "Sherg.az"a deyib ki, bir insan digərinə ictimai yerdə əl qaldırması böyük mədəniyyətsizlikdir:

''Həmin şəxsin psixoloji vəziyyəti yoxlanılaraq nəzarət altında saxlanılmalıdır. Çünki ağılı başında olan, özünü idarə etməyi bacaran biri heç vaxt kiməsə əl qaldırmaz. Dil insana verilib ki, problemlərini həll etsinlər. Qol gücünə və təhqirlə nəyəsə nail olunmur. Pulu gizlətməyinə və telefona cavab verməməyə görə, qadına əl qaldırmaq böyük cinayyət hadisəsidir. Əgər qadın işləyirsə, ərindən niyə 100 manatı gizlətsin? İşləməsə belə, bu problem yaratmamalıdır. Çünki ailənin büdcəsi bir olmalıdır. İnanmıram ki, hansısa qadın evindən, ərindən pul gizlətsin. Çox ehtimal, bu kişinin bahənəsidir. Telefona cavab verməməyə qaldıqda isə, hər birimiz bu halla qarşılaşmışıq. Bu normaldır. Yəni, bu kişiyə qadını soyunduraraq döyməyə haqq vermir. Ona görə də zərərçəkən qadın heç bir halda həyat yoldaşını bağışlamamalıdır. Bəziləri nəyinsə xətrinə ərini bağışladığı üçün hörmətdən düşür və yenidə zorakılıq halları ilə üz-üzə qalır''.                                                       

Ekspert qeyd edib ki, qadın və kişi fərqi yoxdur, heç kəs zorakılıq hallarına boyun əyməməlidir:
''Fikrimcə, ölkədə qadına şiddət hallarının artmasına səbəb arvadların öz ərlərini rahatlıqla bağışlamasıdır. Təbii ki, hər ailədə söz-söhbət olur. Yəni, tərəflər aqressivləşir, kişi qadına əl qaldıra bilər. Ancaq bunun hansı səviyyədə olmasına diqqət edilməlidir".