Sosial şəbəkələrdən asılılıq isə sosial-ictimai həyata təsirsiz ötüşmür. Bu gün ailələrin dağılmasında, ictimai fikrin formalaşmasında, dövlət çevrilişlərində, aksiyaların təşkilində və sairədə sosial şəbəkələrin böyük təsiri var. Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq gündən-günə artır. Belə olan halda, ortaya bir çox suallar çıxır:
Sosial şəbəkələr zərərlidirmi? Virtual dünya canlı ünsiyyətdə problemlər yaradırmı? Və ən əsası internet asılılığından necə qurtulmaq olar?
Suallarımızı cavablandıran psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a bildirib ki, biz artıq sosial şəbəkəyə adaptasiya prosesini çoxdan keçmişik:
''İndiki azyaşlı uşaqlar həyatı sosial şəbəkəsiz təsəvvür edə bilmirlər. Lakin bir qrup nəsil var ki, internet ilə yetkinlik yaşından sonra tanış olub və istifadə etməyə başlayıb. Ona görə də düşünürük ki, sosial şəbəkələr bizdə asılılıq yaradır. Biz sosial şəbəkələrin həyatımızda olduğunu qəbul etməliyik. Əslində, asılılıq deyilən anlayış yoxdur. Artıq bu kimi düşüncələr ortadan götürülməlidir. Sosial şəbəkə hər birimizin həyatının ayrılmaz hissəsindən birinə çevrilib. Ona görə də asılıyam və yaxud deyiləm kimi bir fikir olmamalıdır. Bu hər kəsin həyatında var və istifadə edilir. Digər tərəfdən oyunlar da asılılıq yaradır deyirlər. Bundan əvvəl domino, şaşki, qumar, kart kimi oyunların aludəçiləri də az deyildi. İndi həmin şəxslər bu vərdişlərini onlayn vasitəsi ilə davam etdirirlər. Doğrudur, uşaqların oyundan aslılığı nitq geriləməsinə gətirib çıxara bilər. Bunu isə ailə tənzimləməlidir ki, övladı özünə qapanmasın''.
Ekspert vurğulayıb ki, yetkin insanın sosial şəbəkədən asılılığını anlamaq olmur:
''Çünki həyatı dərk edən biri probleminin nə olduğunu yaxşı bilir. Ona görə də özünü idarə və nəzarət etməyi bilməlidir. Bir sözlə, sosial şəbəkədən asılılıq deyilən bir şey yoxdur. İnternetdən, telefondan istifadə edib-etməmək insanın özündən asılıdır".