NATO Şərqi Avropada qoşun yerləşdirməklə Rusiya ilə müharibəyə hazırlaşır.
bunu Çinin "infoBRICS" nəşrinin köşə yazarı Dragoljub Bosnich qeyd edib.
O, xüsusilə Almaniya məsələsini ön plana çıxardıb. Bildirib ki, Almaniya öz infrastrukturundan hərbi məqsədlər üçün istifadəni açıq şəkildə müzakirə edir. Vurğulayıb ki, əgər buna razılıq verilərsə, onda müharibə qaçılmaz olacaq.
Mövzu ilə bağlı “Sherg.az”a danışan "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli söyləyib ki, hazırda Ukrayna savaşı ətrafında yaranan vəziyyət və dünyada gedən proseslər qlobal savaşın qaçınılmaz ola biləcəyini göstərir:
“Sözügedən qlobal savaşın stimullaşdırılmasında Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqındakı bəzi dövlətlərin və NATO-nun davranışları xüsusi rol oynayır. Təbii ki, Rusiyanın da Ukraynaya qarşı işğalçılıq savaşı dünyada situasiyanı ciddi şəkildə dəyişdirib. Mövcud situasiya beynəlxalq sabitlik prinsiplərinə qətiyyən cavab vermir və hərbi-siyasi gərginliyi ən yüksək həddə çatdırır. Qərbdə də bəzi siyasi dairələr yaxın gələcəkdə Ukraynanın məğlub olacağı təqdirdə Avropa məkanının Rusiya üçün əsas hədəfə çevrilmə ehtimalı üzərində işləyirlər. Hesab edirlər ki, Qərb ölkələri Rusiyanın yaxın gələcəkdə Avropaya hücum ehtimalına indidən hazırlaşmalıdırlar. Demək olar ki, NATO Rusiyanın Qərb sərhədlərini mühasirəyə alıb. Sonuncu olaraq İsveçin və Finlandiya NATO-ya qəbul edilməsi ilə Rusiyanın Qərb sərhədləri tamamilə bağlandı. İndi isə Qərb üçün əsas problemlərdən biri Ukrayna məğlub olarsa, Avropa və Rusiya arasındakı bufer zonanın aradan qalxma ehtimalıdır. Beləliklə Rusiyanın Avropaya yolu açılacaq. Ona görə də indidən preventiv tədbirlər görürlər. Amma bu çox təhlükəli prosesdir. Sözügedən prosesin qarşısını Amerikanın keçmiş prezidenti Donald Tramp ala biləcəyini bildirir. O, vəd edir ki, hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə münasibətləri normallaşdıracaq və yeni qlobal müharibə təhlükəsinin qarşısını alacaq. Ancaq əvvəl ABŞ-də prezident seçkiləri baş tutmalı və kimin qalib gəldiyi bəlli olmalıdır”.
Ekspert vurğulayıb ki, yeni qlobal müharibənin olduqca təhlükəli situasiya yarada biləcəyini nəzərə almaq lazımdır:
“Çünki qlobal savaşın baş verəcəyi təqdirdə Rusiya təkcə ABŞ və Avropa ölkələri ilə deyil, NATO ilə də müharibə etmək məcburiyyətində qala bilər. Həmin halda Rusiyanın NATO-nun hərbi potensialı qarşısında duruş gətirmə ehtimalını ümidverici hesab etmək sadəlövhlük olardı. Rusiyanın NATO ilə savaşda məğlub olmaq ehtimalı olduqca yüksəkdir. Belə məğlubiyyət əsnasında Rusiyanın nüvə silahına əl atma ehtimalını ortaya çıxarır. Qlobal savaş vəziyyətində qarşı duran tərəflərdən hansısa nüvə silahından istifadə edərsə, bu bütün dünya üçün genişmiqyaslı dağıdıcı nüvə müharibəsinin ortada çıxmasına səbəb ola bilər. Ona görə də hazırkı situasiyanın qarşısının alınması bəşəriyyət üçün faydalı olardı".