Psixoloq: Sosial şəbəkələrdə yemək və içki paylaşımlarının bir neçə səbəbi var

Sosial şəbəkələr informasiya mübadiləsi, insanların ünsiyyət platforması olmaqla yanaşı, həm də bir sıra mənfi tərəfləri ilə diqqət mərkəzindədir. Belə ki, sosial platformalarda paylaşılan statuslar, yazılar və insanların getdiyi restoranlarda yediklərini içdiklərini paylaşması bir çox hallarda aqressiv xarakterli olur və digər istifadəçilərə də mənfi enerji ötürür. Həmçinin, insanların birbirilərini tənqid etməsi və yaxud kütlənin bir nəfəri hədəf alaraq sosial izolyasiyaya məruz qoyması halları da artmaqdadır. Hər hansı bir şəxsin fikirlərinə qarşı kəskin münasibət, söyüşlə ifadə edilən etirazlarla demək olar ki, hər gün rastlaşmaq mümkündür.

Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, insanların sosial şəbəkələrdə yemək və içki paylaşımlarının bir neçə səbəbi var və bu hərəkət psixoloji cəhətdən müxtəlif səbəblərlə izah oluna bilər:

“Birincisi  Özünüifadə və şəxsiyyətdir. İnsanlar sosial mediada özlərini ifadə etməyə çalışırlar. Yemək və içki paylaşımları onların şəxsiyyətini və həyat tərzini nümayiş etdirmək üçün bir vasitədir. Bu, onların zövqlərini, maraqlarını və dəyərlərini paylaşma imkanı yaradır. İkincisi sosial əlaqələr və təsdiqdir. Bu paylaşımlar sosial əlaqələrin gücləndirilməsinə kömək edir. İnsanlar paylaşımları vasitəsilə başqalarından bəyənmə, şərh alaraq sosial təsdiq və diqqət qazanmağa çalışırlar. Bu, onların özünə inamını artırır. Üçüncüsü trendlərə uyğunlaşma və modadır. Yemək və içki paylaşımları bəzən moda və trendlərə uyğunlaşma arzusu ilə əlaqədardır. İnsanlar müəyyən restoran və yeməklərin populyarlığını izləyərək və həmin yerlərdə olmağı paylaşaraq trendlərə uyğun olduğunu göstərirlər. Sonuncusu isə mədəniyyət və təcrübə paylaşımıdır. Bəzi insanlar yemək və içki paylaşımları vasitəsilə fərqli mədəniyyətləri və təcrübələri bölüşmək istəyir. Bu, onların mədəniyyətlərarası anlayış və təcrübə mübadiləsinə töhfə verə biləcəyinə inandıqları bir yoldur.

Bu davranışlar psixoloji pozğunluqdan daha çox, sosial və mədəni fenomen kimi qəbul edilməlidir. Ancaq həddindən artıq və məcburiyyət hissi ilə edilən paylaşımlar, özünə inam, özünüqəbul kimi dərin psixoloji problemlərin bir əlaməti ola bilər”.