Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub.
"APA-Economics" xəbər verir ki, bunu Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sisteminin yaradılması ilə bağlı tədbirdə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova deyib.
Onun sözlərinə görə, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış ev var: "Bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. Sənədsiz evlərlə bağlı problem daim olub və biz bunun həlli istiqamətində çalışırıq".
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, hazırda ölkədə, xüsusən də Bakı və Abşeron ərazisində yüzminlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və torpaq sahələri mövcuddur:
“Bu əmlaklara çıxarışların verilməməsinin müxtəlif səbəbləri var. Hansısa fərdi həyət evinə çıxarışın verilməsi üçün həmin fərdi həyət evinin yerləşdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinə uyğun olmalıdır. Lakin çıxarış ala bilməyən əmlakların böyük əksəriyyətinin torpaqları kənd təsərrüfatı və yaxud digər təyinatlı torpaqlardır. Təyinat dəyişikliyinin mümkünsüzlüyü səbəbindən də bu əmlaklara çıxarış verilə bilmir. Bəzi əmlaklar isə qadağan edilmiş ərazilərdə tikilib. Həmin ərazilərdə çıxarışların verilməsi qanunla mümkün deyil. Qadağan olunmuş ərazilərdəki bir qism əmlaka kommunikasiya xəttlərinin yeri dəyişildikdən sonra çıxarışlar verilə bilər. Digər tərəfdən bir qism əmlakların tikintisi zamanı isə tikinti normativləri kobud şəkildə pozulub. Tikintilərdə ara məsafələrin qorunmaması baxımından da çıxarışlar verilə bilmir. Bu tip əmlaklara çıxarışların verilməsi üçün yeni qanun layihəsinin təsdiq olunması mütləqdir. Yeni qanun layihəsi qəbul və təsdiq edilməlidir ki, bu tip əmlaklar çıxarışla təmin edilə bilsin. Yəni araşdırmalar aparılaraq proses daha uzun müdddət çəkmədən bu tip əmlaklara hər hansı qanun layihəsi hazırlanarsa, çıxarışlar verilə bilər. Sözügedən yeni hüquqi aktın hazırlanması bu tip əmlaklara çıxarışların verilməsi prosesini sürətləndirə bilər”.