İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub.
Bu barədə 245 saylı tam orta məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib:
"Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır".
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, elektrik cərəyanı vurmasından qorunmaq üçün elektrik təsərrüfatına dair olan təhlükəsizlik qaydalarına riayət edilməlidir:
“Bu iş yerlərində, evlərdə və səfər zamanı da baş verə bilər. Hansısa elektrik cihazı ilə işləyərkən və yaxud açıq elektrik xətti olan yerlərdə diqqətli olmaq lazımdır. Açıq naqillərə toxunmamaq və uzaq durmaq lazımdır. Açıq naqillər görən zaman adiyyatı üzrə xəbər verilməli, düzələnə kimi xəbərdar edici lövhə və çəpər vurulmalıdır. Yüksək gərginlikli elektrik xəttlərinin altında dayanmamaq və ona təmas etməmək vacibdir. Elektrik cərəyanının çəkilməsi zamanı isə mütəxəssislər olmalıdır. Elektrik şəbəkəsinin normadan artıq yüklənməməsinə diqqət edilməlidir. Normadan artıq yüklənməsi elektrik təsərrüfatının zədəli olması, təmir işlərindən sonra izolyasiyasının pozulması elektrik cərəyanı vurmasına və yanğın baş verməsinə gətirib çıxaran amillərdir. Elektrik cərəyanı vurulması zamanı həmin şəxsə ilk tibbi yardım göstərilərək həkim briqadasına xəbər etmək lazımdır. İlk tibbi yardım gələnə kimi ürək masajı və suni nəfəsin verilməsi kimi tədbirlərin görülməsi, isti mayenin verilməsi, üzərini yorğanla örtmək məqsədə uyğundur. Rezin və taxta kimi vasitələrlə istifadə edərək insanı elektrik cərəyanından ayırmaq olar. Açıq yara varsa su tökmək olmaz”.