Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
“Sherg.az” xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb. Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub. Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.
Qalibiyyətlə bağlı hisslərini “Sherg.az”-la bölüşən İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov söyləyib ki, çox qürurverici anlar idi:
''Hisslərimizi sözlə ifadə etmək mümkün deyil. İndiki məqamda bu qalibiyyət çox yerinə düşdü. Orada sadəcə idmançımızla fəxr edirdik. Himnimizi oxuyarkən hiss etdiyimiz təəssüratı ifadə edə bilmirəm. Bir sözlə, möhtəşəm idi. Əmin idim ki, Parisdə şanlı bayrağımız dalğalanacaq. Bunu olimpiadadan öncə, çıxışlarımda da qeyd etdim. Fikrimcə, hələ bu son deyil. Biz bu hissləri yenidən yaşayacayıq. Digər idmançılarımız öz performansları ilə bizi sevindirəcək və üç rəngli bayrağımız daim yüksəklərdə dalğalanacaq".