Eynəkli uşaqların sayının çoxalmasını hər birimiz görürük. Əvvəllər yuxarı sinif şagirdlərində görünən bu problemi indi lap azyaşlı uşaqlarda və dəfələrlə çox müşahidə olunur. Bu, problem statistik rəqəmlərdə də özünü göstərir. 13 yaşa qədər uşaqların göz və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı son 10 ildə iki dəfəyə yaxın artım var. 2007-ci ildə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 15 402 olubsa, 2016-cı ilin statistikasında bu rəqəm 26 000-i keçib. 13 yaşa qədər uşaqların hər 10 000 nəfərinə düşən göz və göz aparatı xəstəliklərindən əziyyət çəkənlərin sayı 2007-ci ildə 80 nəfər olubsa, 2016-cı ildə bu 125 nəfərdir. Bir çox hallarda uşaqlar uzağı görmə problemi yaşayırlar. Ancaq yaxını görürlər ki, tibdə bu, miopiya adlanır.
Bəs miopiyanın ildən-ilə artmasının səbəbi nədir? Eynəkli uşaqlarımızın sayı niyə çoxalır?
Suallarımızı cavablandıran Həkim-oftalmoloq Qurban İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, dünyada hər zaman normal və orta səviyyədə görənlər olub:
''Sadəcə olaraq bunu yoxlamaq üçün həmin dövrdə lazımi texnologiyalar yox idi. İnsan var ki, 70-80 yaşında əməliyyat olunur, gözünə qoyulan billurun nömrəsi bir çıxır. Halbuki, bu rəqəm 18-25 olmalıdır. Bu vaxta kimi vəziyyəti necə idarə etdiyini soruşduqda isə söyləyir ki, Bakı-Kürdəmir yolunda avtobus idarə etmişəm. Yəni, həmin şəxs qarşıdan 3 metri görməyib və bunun da anadangəlmə belə olduğunu düşünüb. Qeyd edim ki, oxumaq insanı kor eləmir. Yəni, kompüter, telefon, çox kitab oxumaq insanı heç vaxt kor etmir. Hər dövrdə zəif görən insanlar olub. Ümumiyyətlə, miopiya genetik xəstəlikdir. Onun müxtəlif növləri mövcuddur. Ata ananın genetikasından asılı olaraq orta, yüksək, qarışıq keçə bilər. Əvvəlki dövrdən fərqli olaraq isə bunun istənilən dərəcəsini müəyyən edən texnologiyalar var''.