Son zamanlar rast gəldiyimiz ciddi məsələlərdən biri də qəfil ölümlərin artmasıdır. Bu halın xüsusilə gənclər arasında baş verməsi isə narahatlıq yaradır.
Təəssüf ki, son günlər sosial şəbəkə platformalarında gənclərin qəfil vəfat etməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Səhiyyə Nazirliyinin məlumatına görə, qəfil ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verir. Erkən yaşda bu problemlərin yaranması isə cəmiyyət arasında narahatlıq yaradır. Bəs gənclər arasında qəfil ölümlər niyə artıb?
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a bildirib ki, hər bir insana check-up müayinə lazımdır:
“Chech-up müayinədə exo, ürəyin revmatizma, kardeqrama və digər yoxlanışlar mövcuddur. Bu müayinədən hər bir insan keçməlidir. Adətən universitetlərə daxil olan zaman həkim müayinəsindən keçərək sağlamlıq kağızı əldə edilir. Ümumiyyətlə yaşından asılı olmayaraq hər bir insan ildə bir dəfə chech-up müayinəsindən keçməlidir. Bilməlidir ki, hansı orqanizmdə nə kimi dəyişiklik baş verib. Havaların dəyişməsi, temperaturun qalxması və düşməsi zamanı insanlar özlərinə xüsusi diqqət etməlidirlər. Belə havalarda çalışmaq lazımdır ki, gün altında çox gəzməsinlər. Meteohəssas insanlar özlərini qorumalıdırlar. Millət olaraq hər zaman dərman qəbul etmək istəmirik. Hətta gözləyirik ki, bir hadisə baş verdikdən sonra həkimə müraciət edək. Xüsusilə də gənclərdə qazlı içkilər, qızartma yeməklər damarda kirəcləşmə yaradır. Qızartma üçün istifadə edilən yağları isə süzərək dəfələrlə istifadə edirlər. Bunlar da insanlar üçün təhlükə mənbəyidir. Gənclər düzgün qidalanmalı, yürüyüş etməli, telefon və komputerlərdən uzaqlaşmalıdırlar”.