Ermənistan parlamentinin vitse-spikeri, Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan və Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç iyulun 30-da sərhəddə görüş keçirəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Danışıqlar səhər erməni, günorta Türkiyə tərəfdə olacaq.
Sözügedən görüşü “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov söyləyib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması region üçün vacibdir:
“Türkiyə dəfələrlə vurğulayıb ki, münasibətlərin yaxşılaşması üçün ortaya səmimi iradə qoymağa qadirdir. Eyni zamanda Ermənistanla hər bir formada əməkdaşlığın vacibliyini qeyd edib. Ona görə də bu rakursda Türkiyə və Ermənistan görüşünün növbəti dəfə reallaşması önəmlidir. Məhz Ermənistanın təxribatları, Azərbaycanla bir nöqtəyə gələ bilməməsi səbəbindən Ankara-İrəvan görüşləri operativ və çevik deyil. Bu isə iki ölkə münasibətlərinin normallaşması üçün adekvat olmur. Türkiyə istəyir ki, Ermənistanla münasibətləri normallaşsın. Türkiyə ilə münasibətlər Ermənistanın inkişaf etmiş dövlət olaraq dünya birliyində mövqeylərini gücləndirməsi baxımından əhəmiyyətlidir. Bu gün Fransanın Ermənistanı silahlandırması təkcə Azərbaycan əleyhinə siyasət deyil, həm də Ermənistanla Türkiyənin yaxınlaşmasından qorxduğuna görə baş tutur. Başda Fransa olmaqla bəzi Qərb dairələri Ermənistanı qızışdıraraq, onun Türkiyə ilə əlaqələrinin normallaşması əleyhinə fəaliyyət göstərirlər. Belə xarici təxribatlar fonunda Türkiyə və Ermənistan görüşünün maraqlı olacağını düşünürəm".